Mingəçevir Dövlət Universitetinin tələbələrinə rektorun müraciəti

  • Рубрика записиXəbərlər (AZ)

İmtahan sessiyasının başlaması ilə əlaqədar rektorun

Mingəçevir Dövlət Universitetinin tələbələrinə müraciəti

Əziz tələbələr!

Bu gün Mingəçevir Dövlət Universitetində 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilir. Hər birinizə imtahanlarda uğurlar diləyir, yüksək nəticələr göstərməklə müəllimlərinizi və valideynlərinizi sevindirməyi arzulayıram.

Semestr ərzində professor-müəllim heyəti tərəfindən tədris olunan ayrı-ayrı fənlər üzrə əldə etdiyiniz akademik biliklərin qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün universitetimizdə hazırlıq işləri başa çatdırılmışdır. Mövcud qanunvericiliyin və Azərbaycan Respublikasının Təhsil nazirinin cari imtahan sessiyasının təşkili barədə müvafiq əmrinin tələbləri nəzərə alınmaqla, bütün texniki-təşkilati işlər vaxtında və lazımi səviyyədə görülmüşdür. İmtahan qərargahının və appelyasiya komissiyasının fəaliyyətində tələbə təşkilatlarının nümayəndələrinin iştirakı təmin edilmişdir.

Tamamən yazılı formada keçirilən imtahanlarla bağlı yarana biləcək istənilən məsələ ilə bağlı müvafiq olaraq dekanlığa, tədris şöbəsinə, appelyasiya komissiyasına və şəxsən rektora müraciət edə bilərsiniz. Qaynar xətt, elektron poçt, imtahan keçirilən tədris binasındakı rəy qutuları vasitəsilə və ya birbaşa təqdim edəcəyiniz müraciətlərinizə operativ qaydada baxılacaqdır.

İmtahan prosesində valideynlərin, ictimaiyyət nümayəndələrinin və Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvlərinin fəal iştirakı təmin olunacaqdır. Sessiya dövründə gündəlik əsasda keçiriləcək qəbullardan əlavə, hər həftənin cümə günü saat 14:00-dan etibarən rektorun iştirakı ilə açıq qapı təşkil ediləcəkdir.

Əziz tələbələr!

Bir daha hər birinizə sessiya imtahanlarında uğurlar arzulayır, Siz tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin davamlı təkmilləşdirilməsində bizlərə yardımçı olmanızı xahiş edirəm.

Fürsətdən istifadə edərək, valideynləri, ictimaiyyət nümayəndələrini və digər maraqlı şəxsləri Mingəçevir Dövlət Universitetində imtahan sessiyasını izləməyə dəvət edirik.

Hörmətlə,

MDU-nun rektoru Şahin Bayramov