Multikultural dəyərlərin qorunması regionda sülhün təminatçısıdır

  • Рубрика записиXəbərlər (AZ)

MULTİKULTURAL DƏYƏRLƏRİN QORUNMASI REGİONDA SÜLHÜN TƏMİNATÇISIDIR

2021-ci il fevralın 26-sında Xocalı soyqırırmının 29-cu ildönümü ilə əlaqədar olaraq Prezident İlham Əliyevin 4 saatdan çox davam edən yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransı bu günlərdə dünya mediasının diqqət mərkəzində özünəməxsus yer tutur. II Qarabağ müharibəsinin qalib tərəfi kimi çıxış edən Prezident İlham Əliyev 50-dən çox yerli və xarici media nümayəndələrinin iştrak etdiyi mətbuat konfransında 35-dən çox jurnalistin 50-yə yaxın sualını 4 dildə cavablandıraraq dünya rekorduna imza atmışdır. Mətbuat konfransında Prezident həm Xocalı faciəsinin tarixi təfərrüatları haqqında jurnalistləri məlumatlandırmış, həm də müharibədən sonrakı Qarabağa dair gələcək siyasi addımlarla bağlı jurnalistlərin suallarını ətraflı cavablandırmışdır.

2021-ci il fevralın 26-da keçirilən bu mətbuat konfransında bütün dünyaya Azərbaycanın sülh tərəfdarı olduğu, heç bir xalqa dininə, dilinə və milliyətinə görə ayr-seçkilik edilmədiyi açıq-aydın bəyan edildi. Mətbuat konfransında diqqət çəkən məqamlardan biri xarici jurnalistlərin gələcəkdə Qarabağda erməni və azərbaycanlıların birgə yaşayacaqlarına dair sualların çoxluq təşkil etməsi və Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyası ilə bağlı məsələr olmuşdur. Prezident İlham Əliyev cavablarında Azərbaycanın multikultural və tolerant ölkə olduğunu, Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin əsrlər boyu bir ailə kimi yaşadığını, Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmadığını dəfələrlə vurğulamışdır. Dövlət başçısı İkinci Qarabağ müharibəsində bütün xalqların nümayəndələrinin bir bayraq altında bir yumruq kimi birləşdiyini və bu Qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payının olduğunu xüsusilə qeyd etmişdir.Eyni zamanda Prezident Azərbaycanda hazırda minlərlə erməninin yaşadığını, XIX əsrdən etibarən erməni və Azərbaycan xalqının birgə yaşamaq təcrübəsi olduğunu junalistlərə xatırlatmışdır. Prezident İlham Əliyev müharibə dövründə Azərbaycan əsgərlərinin öz soydaşları tərəfindən tərk edilmiş yaşlı ermənilərə sahib çıxmasını Azərbaycan xalqının necə humanist və tolerant xalq olduğunun ən böyük sübutu və göstəricisi kimi qiymətləndirmişdi.

Azərbaycan qədim zamanlardan müxtəlif xalqlarla yanaşı müxtəlif dinlərin də məskəni olmuş, müxtəlif dini icmalara hər zaman dövlət qayğısı göstərilmişdir. Azərbaycanın bütün dinlərə tolerant münasibət bəslədiyini bildirən Dövlət başçısı Qarabağdakı məscid və mədəniyyət abidələrinə göstərilən vandallığı pisləyərək xatırlatmışdı ki, Azərbaycanda multikulturalizm dövlət siyasətidir və işğaldan azad olunmuş ərazilərdə bütün dini abidələrin, məscid və kilsələrin yenidən bərpa ediləcəyinə dövlət təminatının təmin olunduğunu, hətta müharibədən sonra Kəlbəcərdəki Xudavəng monastrına erməni zəvvarlarının ziyarətinin həyata keçirildiyini, gələcəkdə dini zəmində hər hansı problemin yaşanmayacağını da qeyd etmişdir.

Multikulturalizmin dövlət siyasəti kimi tətbiqinin əsas istiqamətlərindən biri də dil siyasətidir. Azərbaycan Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dilidir, bununla belə Konstitusiyada hər bir xalqın da ana dilindən istifadə hüququ da tanınır. 26 fevral 2021-ci ildə keçirilən mətbuat konfransında diqqəti çəkən məqamlardan biri də Qarabağda yaşayan ermənilərin gələcəkdə öz dillərindən istifadə edə bilməsi ilə bağlı sualların verilməsi oldu. Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları vardır. Odur ki, digər bütün dillər kimi erməni dilinin də Azərbaycanda qorunacağı şübhə doğurmamalıdır.

Şəlalə Quliyeva

Mingəçevir Dövlət Universiteti

Humanitar fənlər kafedrasının müəllimi