Azərbaycan xalqının dahi öndəri Heydər Əliyevin Prezident İlham Əliyev haqqında qeyd etdiyi fikirlər: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ulu öndərin bu fikirləri- İlham Əliyevin bütövlükdə xarakter cizgilərini, onun imkan və potensialını, böyük qabiliyyət və bacarığını ifadə edirdi. Ümummilli liderimizin müdrik və uzaqgörən siyasətinin 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə mühüm tarixi nailiyyətlər, parlaq qələbələr qazanıb.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarını və qurub-yaratdıqlarını nəinki inkişaf etdirir, eyni zamanda, bu işləri müasir dövrün tələblərinə, xalqın maraqlarına uyğun yeni formada təkmilləşdirir və daha da inkişaf etdirir.
İqtisadçı alimlər müstəqil Azərbaycanın İlham Əliyev mərhələsini hərtərəfli inkişaf dövrü kimi səciyyələndirirlər. Tarixçilər bu illəri müstəqil Azərbaycanın inkişafının yeni tarixi epoxası hesab edirlər. Filosoflar bu dövrdən davamlı və dayanıqlı inkişaf illəri kimi söz açırlar. Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövr müstəqil dövlətçiliyin özünütəsdiq mərhələsidir.
Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına qələbəni bəxş etmiş qüdrətli Orduya çevrilib. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunub. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltmişdir.
Tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Cənab Prezident Ulu Öndərimizin vəsiyyətlərinə sədaqətlə əməl edib xalqı və Ordunu birləşdirərək torpaqlarımızı azğın düşməndən təmizləməklə Ulu Öndərin və bütün Şəhidlərimizin ruhunu şad etdi! Hər birimizin, dünya azərbaycanlılarının, türk dünyasının başını ucaltdı.
Hazırda işğaldan azad olunmuş ərazilərimizdə nəhəng infrastruktur layihələri, quruculuq işləri həyata keçirilir, Böyük Qayıdışa hazırlıq görülür.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun arzularını reallaşdıran, qələbə qazandıran İlham Əliyev kimi lideri var. Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu. İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir.
Onun uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatıdır.
Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir.
Prezident İlham Əliyevin siyasətində sosial-iqtisadi sahədə genişmiqyaslı islahatlar, əhalinin rifah halının daha da yüksəldilməsi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da gücləndirilməsi və s. amillər mühüm yer tutur. Artıq bu istiqamətdə böyük nailiyyətlər əldə olunub. Ötən dövrdə beynəlxalq müstəvidə bir çox nailiyyətlər əldə etmişik. Belə ki, Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasəti bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Azərbaycanın tərəfdaşlarının sayı artdı, beynəlxalq aləmdə mövqeləri gücləndi. İkinci Qarabağ müharibəsinin nəticələri isə bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Müharibəsinin nəticələri ölkəmizin yeni dövrə qədəm qoyması baxımından yeni imkanlar açıb.
Ulu öndərin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab Prezident “Bakı-Tbilisi-Ceyhan, “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına , daha sonra da TANAP və TAP layihələrinin gerçəkləşməsi ilə,Azərbaycan qazının birbaşa olaraq Avropa bazarına çıxışına nail oldu.
2017-ci ildə isə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ilə bu yataqların işlənilməsi 2050-ci ilə qədər uzadıldı.
İlham Əliyev dühasının şah əsərlərindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu XXI əsrin Dəmir İpək yolu kimi tanınmışdır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda çox böyük nəqliyyat layihələri icra olunmaqdadır.
Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, investisiyaların təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə də olduqca yüksək qiymətləndirilir.
Azərbaycan Respublikasının 155 ölkənin etimadını qazanaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Avropa Şurasının Nazirlər Şurasına, Qoşulmama Hərəkatına sədrlik etmək səlahiyyətləri qazanması Prezident İlham Əliyevin apardığı xarici siyasətin böyük uğurlarıdır..
Azərbaycan Prezidentinin praqmatik strateji kursu müxtəlif geosiyasi qütblər – Rusiya, Amerika Birləşmiş Ştatları , eləcə də, Aİ, NATO, İslam Əməkdaşlıq təşkilatı və başqa strateji birliklər tərəfindən müsbət dəyərləndirilir.
Prezident İlham Əliyevin daxili siyasətində regionların sosial-iqtisadi inkişafı mühüm yer tutur.
Ümummilli lider Heydər Əliyevin başladığı və hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir. Bu inkişaf modeli Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi dövlət kimi möhkəmləndirən Azərbaycan xalqını xoş gələcəyə aparan nurlu yoldur.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır.
Son zamanlar regionumuza yaxın ərazilərdə baş verən mürəkkəb proseslər fonunda iki qardaş ölkənin birliyi daha da güclənir. Vətən müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. İki dövlət arasında məşhur Şuşa bəyannaməsinin imzalanmasının tarixi əhəmiyyətini xüsusilə qeyd etmək istərdim. Qardaş Türkiyə Prezidentinin Zəfər Paradında, Fizuli Aeroportunun açılışınsa, Xarı Bülbül festivalı, Texnofest festivalında iştirakı, Ulu Öndərin qeyd etdiyi bir millət iki dövlət-deyiminin canlı yaşadığının canlı şahidiyik. Bu dostluğun və qardaşlığın hər 2 dövlətin rəhbərləri timsallarında möhkəmləndirilməsi fəxarət doğurur. Bu dostluq, qardaşlıq bölgədə yeni güc strukturunu formalaşdırır. Postmüharibə dövründə yaranmış yeni reallıqların fonunda isə Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir.
Son illər qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da gərginləşdirib. Dünyada və bölgəmizdə gedən müxtəlif proseslərə baxmayaraq, uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Azərbaycanın dünya müstəvisində yeri və rolu əhəmiyyətli dərəcədə artmaqdadır. Prezident İlham Əliyevin genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, dövlət başçısı Ulu Öndərin bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən hakimiyyət yolunu, zəfər və şərəf yolunu ləyaqətlə davam etdirir.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Yeni reallıqlar isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha böyük, möhtəşəm nailiyyətlər əldə etməsinə hədəflənib.
Cənab Prezident azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Azərbaycanın mədəniyyət beşiyi Şuşa- möhtəşəm tədbirlərə ev sahibliyi edir, Xarıbülbül musiqi festivalı, Dünya Azərbaycanlılarının V Qurultayının Şüşada keçirilməsi hər birimizdə fəxarət doğurdu. Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ çiçəklənəcək, dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Böyük Tarixi Zəfəri ilə dünyada tanınan qalib Azərbaycan, Çənab Prezidentin rəhbərliyi ilə daha da güclənəcək, daha qüdrətli dövlətə çevriləcəkdir.
Bugünkü əlamətdar gün- Ölkə rəhbərimiz Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklərə qoşuluram. Önun hər addımı, hər fəaliyyəti, varlığı bizlər üçün nümunə etalonudur. Ali Baş Komandanımızla fəxr edirik! Ona möhkəm can sağlığı, doğma Azərbaycanımızın inkişafı yolundakı əzmkar fəaliyyətində uğurlar arzulayıram.
Yaşasın Azərbaycanımızı daim uğurlara aparan Heydər Əliyev ideyaları! Yaşasın bu ideyaları daima uğurla reallaşdıran Azərbaycan Prezidenti cənab İlham Əliyev!
i.f.d. Ruhiyyə Hüseynova
Мингячевирский Государственный Университет