Riyaziyyat üzrə tələbə və şagirdlərin elmi-praktik konfransı keçirilib

  • Рубрика записиMDU xəbərləri

2022-ci ilin 26 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Mükəmməl elm və təhsil səviyyəsinə gedən yol ümumtəhsil məktəblərindən keçir” devizi altında Riyaziyyat üzrə tələbə və şagirdlərin elmi-praktik konfransı keçirilib. Universitetin Təhsil fakültəsinin Riyaziyyat kafedrasının təşkilatçılığı ilə keçirilən konfransda ümumtəhsil müəssisələrinin direktorları, müəllimləri və şagirdləri, MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak ediblər.

Konfransın açılışında MDU-nun Riyaziyyat kafedrasının müdiri, dosent Sahib Mustafayev çıxış edib. Elmi biliklər sistemində mühüm yer tutan riyaziyyatın bütün sahələrdə müasir texnologiyaların və tədqiqatların əsasını təşkil etdiyini qeyd edən S.Mustafayev riyaziyyatçıların gənc yaşlarında, eləcə də məktəb illərində elmi fəaliyyətlərinin dəstəklənməsinin vacibliyindən danışıb və konfransın işinə uğurlar arzulayıb.

Açılış nitqindən sonra riyaziyyat elminin tarixi və müasir inkişafı haqqında videoçarx izlənilib.

Sonra, “Mükəmməl elmə gedən yol orta məktəb akademiyasından keçir” mövzusunda məruzə ilə çıxış edən MDU-nun Riyaziyyat kafedrasının baş müəllimi Məhəmməd Məmmədov orta məktəblərdə şagirdlərin elmə marağının artırılmasının və elmi fəaliyyətlərə cəlb edilməsinin önəmindən bəhs edib və bu sahədə bəzi təcrübələri paylaşıb.

Konfrans kafedranın müəllimi Səyyarə Yusifovanın moderatorluğu ilə məktəb şagirdlərinin təqdimatları ilə davam edib. Mingəçevir şəhərindən 9 saylı tam orta məktəbin X sinif şagirdi Türkən Ələkbərli “Nisbət anlayışı ilə əlaqədar olan bəzi həndəsə məsələləri”, 20 saylı tam orta məktəbin X sinif şagirdi Gülər Abdullazadə “Kökalma üsulu və onun həndəsi izahı”, 3 saylı tam orta məkəbin XI  sinif  şagirdi Nərgiz Süleymanova “İrrasional tənliklərin bəzi növlərinin həlli üsulları” və Yevlax rayonundan Xaldan kənd kompleks tam orta məktəbin X sinif şagirdi Elməddin Heydarov “Bir say sistemindən digərinə keçid” mövzusunda təqdimatla çıxış ediblər.

Təqdim edilən mövzularla bağlı aparılan müzakirələrdən və şagirdlərə verilən tövsiyələrdən sonra MDU-nun “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrinin təqdimatında “Bilirsinizmi?” rubrikasında riyaziyyat elminə aid müxtəlif maraqlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Konfransın maraqlı və faydalı keçməsindən məmnunluqlarını ifadə edən və təşkilatçılara təşəkkürlərini bildirən Mingəçevir şəhər 12 saylı tam orta məktəbin direktoru Sevda İsmayılova və 3 saylı tam orta məktəbin direktoru Gültəkin Quliyeva şagirdlərin elmi fəaliyyətə marağını artıran və tədqiqat bacarıqlarını inkişaf etdirən bu tipli tədbirlərin davamlı olmasını arzulayıblar.

MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov və Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev universitetdə regionun təhsil və elmi potensialının inkişafına hədəflənən müxtəlif formatlı tərəfdaşlıqlara, o cümlədən orta təhsil müəssisələri ilə birgə fəaliyyətlərə xüsusi önəm verildiyini diqqətə çatdırıb və əməkdaşlığın potensial istiqamətləri ilə bağlı fikirlərini bölüşüblər.

Sonda konfransda fəal iştirak edən şagirdlərə müvafiq sertifikatlar təqdim olunub.