MDU-da Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan elmi-praktik seminar keçirilib

2023-cü il mayın 25-də Mingəçevir Dövlət Universitetində (MDU) ˝Heydər Əliyev İli˝ çərçivəsində ˝1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü˝nə həsr olunan elmi-praktik seminar keçirilib. Seminarda MDU-nun Təhsil fakültəsinin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib.

Seminara moderatorluq edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev giriş sözü ilə çıxış edərək bildirib ki, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da hər ilin 1 iyun tarixində qeyd edilən Uşaqların Beynəlxalq Müdafiəsi Günü mühüm əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin hər zaman uşaqlara böyük məhəbbət və sonsuz diqqətlə yanaşdığını qeyd edən V.Mustafayev hazırda ölkəmizdə uşaqlara göstərilən yüksək dövlət qayğısından və onların hərtərəfli inkişafı istiqamətində yaradılan əlverişli şəraitdən bəhs edib. Cəmiyyətin gələcəyi olan uşaqların fiziki və mənəvi inkişafının daim diqqət mərkəzində saxlanılmasının vacibliyindən bəhs edən moderator bu baxımdan seminarın proqramına daxil olan mövzuların aktuallığını və önəmini vurğulayıb, iştirakçılara faydalı müzakirələr arzulayıb.

Sonra MDU-nun “Humanitar fənlər” və “Pedaqogika və psixologiya” kafedralarının müəllimlərinin təqdimatında məruzələr dinlənilib. Universitet əməkdaşlarından Səadət Ağakişiyeva ˝Uşaqların  mənəvi-əxlaqi və ədəbi-estetik tərbiyəsində uşaq ədəbiyyatının əhəmiyyəti˝, Aygün İsmayılova ˝Məktəbəqədər yaşlı uşaqların inkişafında ailənin rolu˝ və Nərgiz Niftəliyeva ˝İnternetdən istifadənin uşaq psixologiyasına təsiri˝ mövzularında məruzələrlə çıxış ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, MDU-da ˝Heydər Əliyev İli˝ çərçivəsində müxtəlif tədbirlər keçirilir.