Azərbaycanda şəhərsalma tarixi haqqında

Taleh Əliyev,

tarix üzrə fəlsəfə doktoru,

MDU-nun Humanitar fənnlər kafedrasının dosenti

Şəhər mədəniyyəti bəşər svilizasiyalarının həyatında əhəmiyyətli yer tutur. Azərbaycan ərazisində hələ tunc dövründə ilkin şəhər mədəniyyətinin rüşeymləri forlamaşırdı. Proto-şəhər anlayışı kimi qəbul edə biləcəyimiz bu erkən göstəricilər sosial-iqtisadi və idarəetmə məsələlərini də özündə əks etdirirdi. Belə ki, tayfalar və tayfa ittifaqlarının mərkəzi rolunu oynayan həmin yaşayış məntəqələri zamanla daha da böyüyür və bir növ ilkin inzibati fuksiya daşıyırdı. Proto-şəhərlər özündən sonrakı mərhələdə yaranacaq qədim şəhərlərin özülü qismində çıxış edirdi. Azərbaycanın bir sıra yerlərində, xüsusi ilə Mesopotamiya və Anadolu ilə sıx əlaqəsi olan ərazilərdə bu cür mərkəzlərin formalaşması daha erkən baş verirdi. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmiş yaşayış məntəqələrinin xüsusiyyətləri proto-şəhərlərin mövcudluğundan xəbər verir. Naxçıvan, Qarabağ, Urmiya ətrafı ərazilərdə sözügedən yaşayış yerlərinin izləri öyrənilir. Qədim şəhər rüşeymlərini formalaşdıran məntəqələr sinifli cəmiyyətə keçidlə əlaqədar bir sıra yeni funksiyaları da özündə ehtiva edir. Daha çox yaşayış üçün əlverişli olan ərazilərdə salınan bu məntəqələr əsrlər ərzində böyüyərək erkən şəhərlərə çevrilirdi.

Tarixi-arxeoloji və memarlıq irsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malik olan şəhər yerləri ictimai quruluşun dəyişməsi ilə qədim şəhərlər meydana gəlirdi. Azərbaycanda bu proses antik dövrdə cərəyan edirdi. E.ə. V-IV əsrlərdə Qəbələ, Şəmkir, Bərdə, Naxçıvan kimi ərazilərdə erkən antik mərhələ üçün səciyyəvi olan şəhərlər formalaşırdı. Çaqqallıtəpə (Qəbələ), Qaracəmirli (Şəmkir), Şortəpə (Bərdə), Meydantəpə (Naxçıvan) yaşayış yerlərində aparılan arxeoloji qazıntı işlərinin nəticələri bunu söyləməyə əsas verir. Şəhərlərin memarlığı onların həm müdafiəsi, həm sosial həyatı, həm də inzibati rolu haqqında məlumatlar əldə etməyə imkan verir. Mərkəzi hissələrində iri inzibati binaların qalıqlarının aşkar olunması həmin şəhərin ya paytaxt, ya da inzibati mərkəz rolunu oynadığını sübut edən faktorlardandır. Arxeoloji ədəbiyyatda qədim şəhər statusu adını daşıması üçün müəyyən edilmiş göstəricilər var. Tədqiqatlar həmin göstəriciləri yaşayış yerində üzə çıxardığı təqdirdə həmin məntəqənin şəhər olması haqqında konkret fikir söyləmək mümkündür. Antik şəhərlərin mərkəzi hissələrində iri sütun altlıqlarının aşkar olunması əhəmiyyətli binaların mövcudluğundan xəbər verir. Qaracəmirlidə aşkar olunan bu cür qalıqlar diqqəti cəlb edir. Qəbələdə antik şəhər mədəniyyəti üçüb səciyyəvi olan tikili qalıqlarının tapılması da buna misaldır. Şəhərlərin müdafiəsi xüsusi ilə nəzərə alınırdı. Kənarlarına enli xəndək qazılmaqla içərisi su ilə doldurulurdu. Şəhərin müdafiə divarları bürclərlə bərkidilir, giriş hissəsi xüsusi qorunurdu. Bürclər müşahidə və müdafiə funksiyasını daşıyırdı. Antik dövrün şəhərləri daha da təkmilləşərək dövr etibarı ilə böyüyür və şəhər memarlığı baxımından daha mükəmməl forma alırdı. E.ə. III-I əsrlərdə Albaniyanın paytaxtı Qəbələ, qalıqları günümüzə qədər gəlib çatan Xınıslı (Şamaxı), Torpaqqala (Qax), Canaxır (Xaçmaz), Dərbənd, Şəhərburnu (Samux), Şahbulaq (Ağdam), Qalatəpə (Ağcabədi), Şortəpə (Bərdə) kimi şəhər yerləri şəhərsalma tarixində erkən antik dövrün seçilən məntəqələridir. Sözügedən şəhər yerləri son antik mərhələdə (b.e. I-III əsrlərində) özünün növbəti inkişaf mərhələsini keçmişdir. Antik dövr şəhərlərinin memarlıq sistemində inzibati, dini-ictimai, sosial-iqtisadi və mədəni funksiyanı daşıyan tikililər, həmçinin, müdafiə səciyyəli və yaşayış üçün nəzərdə tutulan evlər və məhəllələr yer tuturdu. Arxeoloji qazıntılar zamanı şəhərlərin müdafiə divarları, taxıl anbarları, ibadət yerləri, yaşayış evlərinin bünövrələri və digər tikililər aşkar olunaraq elmi tədqiqata cəlb edilmişdir. İlk orta əsr və klassik orta əsrlər üçün səciyyəvi olan stratiqrafik quruluşa malik şəhər yerləri Azərbaycanda orta əsr şəhərlərinin tədqiqi üçün əhəmiyyətlidir. Tarixi, arxeoloji və memarlıq xüsusiyyətlərinin öyrənilməsi orta əsr şəhərlərinin təhlili və onların qorunması məsələsini də aktuallaşdırır.

Orta əsrlərdə Azərbaycanda bəzi şəhərlər antik dövrdə salınan məntəqələrin inkişafı nəticəsində böyüyən şəhər yerləri idi. Bəziləri isə Xilafət dövründə və ya sonrakı mərhələdə salınan şəhərlərdir. Qəbələ, Bərdə, Şahbulaq (Ağdam) və digər şəhərlər antik dövrdən etibarən mövcud olan və orta əsrlər dövründə daha da böyüyərək iri şəhərlərə çevrilən məntəqələr idi. Bəzi antik şəhərlər isə tarix səhnəsindən silinirdi. Bunun bir sıra səbəbləri ola bilərdi. Müharibələr, təbii fəlakətlər, yadelli hücumları, sosial-iqtisadi dəyişikliklər və digər səbəbləri misal göstərmək mümkündür. Orta əsr Azərbaycanda şəhər mədəniyyətinin öyrənilməsində Gəncə, Şəmkir, Qəbələ, Beyləqan, Şamaxı, Şabran, Ərəş, Bakı, Naxçıvan, Qırxçıraq, Bəndovan və digər şəhər yerlərinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Həmçinin, Cənubi Azərbaycanda Təbriz, Marağa, Urmiya, Ərdəbil kimi şəhərlər daha da böyüyür və inkişaf edirdi. Orta əsr yazılı mənbələrinin məlumatları və aparılan arxeoloji qazıntılar nəticəsində əldə olunan nəticələr əsasında həmdövr şəhərlərin daşıdığı funksiyaya görə fərqləndiyini söyləmək olar. Paytaxt şəhərlər daha böyük əraziyə və əhaliyə malik idi. İnzibati binalar və şəhərin müdafiəsi daha mükəmməl təşkil olunurdu. Daha öncə bir nüdafiə divarına malik olan şəhər böyüdükcə onun ikinci müdafiə divarının çəkilməsi üçün zərurət yaranırdı. Divarların bürcləri də təkmilləşirdi. Bir sıra şəhərlər strateji əhəmiyyət daşıyırdı. Bu cür şəhərlər elmi ədəbiyyatda bəzən qala-şəhərlər də adlanır. Bəzi şəhərlər isə ticarət yolları üzərində salınır və sənətkarlıq-ticarət şəhərləri kimi formalaşırdı. Bu şəhərlərdə karvansara qalıqları və yollar üzərində xüsusi tikililərin qalıqları günümüzə qədər gəlib çatmışdır. Orta əsr şəhərlərində sənətkarlıq məhəllələri, bazar meydanları, məscid və mədrəsə qalıqları kimi əhəmiyyətli memarlıq xüsusiyyətlərini özündə daşıyan yerlər aşkar olunmuşdur. Ərəb xilafəti dövründə ticarət yolları üzərində bir sıra yeni şəhərlər də salınırdı. Bərdic və Bərzənc kimi şəhər yerləri buna misal ola bilər. Hülakülər dövründə də bəzi yeni şəhərlər salınırdı. Qırxçıraq (Salyan), Bəndovan 1, Bəndovan 2, Qutluq-Balıq (Zərdab) kimi məntəqələr XIII-XIV əsrlərdə salınan şəhərər sırasındadır. Bir sıra şəhərlər isə XV-XVIII əsrlərdə xüsusi inkişaf yolu keçmişdir. Son orta əsrlər üçün səciyyəvi olan inkişaf Qəbələnin Qala hissəsi, Ərəş, Ağsu, Şabran, Bakı, Şəki kimi şəhərlərdə daha aydın izlənilir. Bir sıra şəhərlər isə artıq öz funksiyasını itirir və sadə yaşayış məntəqələri kimi mövcudluğunu davam etdirirdi. Xanlıqlar dövründə mərkəz rolunu oynayan şəhərlərin inkişafı son orta əsrlər üçün sözügedən inkişaf yolunu keçirdi.

Azərbaycanda şəhərlərin müasir inkişaf yolu XIX əsrədn etibarən formalaşır. Bakı iri neft mərkəzi və sənaye şəhərin çevrilir. Sənayenin inkişafı şəhərlərin inkişaf xüsusiyyətlərini dəyişir. XIX əsrin sonu – XX əsrin əvvəllərində bu proses özünəməxsus formada gedirdi. XX əsrdə şəhərlər modern üslubda böyüyür və memarlıq quruluşu sürətlə dövrə uyğunlaşırdı. Qeyd edək ki, bu şəhərlərin özündən əvvəlki mərhələdə şəhərsalma ənənələrini də özündə saxlayırdı. Azərbaycan bugün sürətlə inkişaf edən və böyüyən şəhərlərə malikdir. XX ərin ortalalında inşa olunan müasir Mingəçevir, Sumqayıt, Şirvan kimi şəhərlər hazırda ölkənin şəhər həyatında əhəmiyyətli yer tutur. Modern şəhərlər sənaye, elm, mədəniyyət mərkəzlərinə çevrilir. Müasir memarlıq üslubu paytaxt Bakı, Gəncə, Sumqayıt, Mingəçevir kimi şəhərlərimizdə özünü daha qabarıq büruzə verir. Lakin bununla yanaşı şəhərlərin tarixi quruluşu da qorunub saxlanılır. Müasir tariximizin qürur mənbəyi olan Qarabağ zəfəri tarixi Azərbaycan torpaqlarında yerləşən Şuşa və Xankəndi kimi şəhərlərin yenidən bərpasına şərait yaratmışdır. Ağdam şəhəri isə yenidən inşa olunur. Bütün bunlar Azərbaycanda şəhərsalma ənənəsinin və şəhər memarlığının tarixi kökləri olduğunu, dövlətin hər zaman bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini söyləməyə əsas verir. Keçmişə nəzər saldıqda sinifli cəmiyyətin erkən dönəmindən etibarən formalaşan şəhərsalma ənənəsi özünün 2500 illik tarixi ilə Azərbaycan şəhərlərinin qədim köklərə malik olduğunu bir daha təsdiq edir. Bugün müasir Azərbaycan şəhərləri Qafqazın seçilən şəhərləri kimi ön sırada dayanır. Turizmin inkişafı və xarici turistlərin şəhərlərimizə səyahətinin artması onların diqqət mərkəzində olan müasir şəhərlər olduğunu göstərir. Tarixi kökləri üzərində inkişaf edən müasir Azərbaycan şəhərləri gələcəyə doğru yeni inkişaf layihələri əsasında irəliləyir. Burada şəhərlərin qədim hissələri, orta əsr tikililəri də nəzərə alınır, onların qorunması və bərpası da hər zaman diqqətdə saxlanılır.