Süngər şəhər konsepsiyası və “yaşıl” infrastruktur

                                                      f-r.ü.f.d.,dos.Yusibova Təranə Firqət qızı

                                           Mingəçevir Dövlət Universitetinin

                                                    Fizika və Ekologiya kafedrasının müdiri        

    İqlim dəyişmələri artıq uzaq gələcəyin proqnozu deyil, müasir şəhərlərin gündəlik reallığıdır. Urbanizasiyanın sürətlənməsi ilə paralel olaraq, şəhər mühiti ekstremal hava hadisələrinə qarşı daha həssas hala gəlmişdir. Müasir dövrdə şəhər mühitinin qarşısında duran ən mühüm problemlərdən biri iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma, yəni adaptasiya məsələsidir. İqlim dəyişmələri artıq yalnız qlobal səviyyədə müzakirə olunan ekoloji problem deyil, həm də şəhərlərin gündəlik həyatına, infrastrukturuna, su idarəçiliyinə, enerji istehlakına və insan sağlamlığına birbaşa təsir göstərən mühüm amildir.

Son illərdə müşahidə olunan:

  • hava temperaturunun artması,
  • yağıntıların qeyri-bərabər paylanması,
  • qısa müddətli intensiv yağışların çoxalması,
  • su ehtiyatlarına təzyiqin artması,
  • şəhərlərdə istilik adası effektinin güclənməsi  –  kimi hallar urban mühitin iqlim risklərinə daha həssas olduğunu göstərir.

     Belə şəraitdə şəhərlərin inkişafı yalnız iqtisadi və memarlıq baxımından deyil, həm də ekoloji və iqlim baxımından dayanıqlı şəkildə planlaşdırılmalıdır. Bu baxımdan, son illərdə dünya şəhərsalma təcrübəsində geniş müzakirə olunan yanaşmalardan biri də “süngər şəhər” konsepsiyasıdır. Bu konsepsiyasının mahiyyəti nədir?

   Süngər şəhər konsepsiyası şəhər ərazisinin yağan suyu özündə saxlamaq, torpağa hopdurmaq, süzmək, toplamaq və sonradan istifadə etmək qabiliyyətini artırmağa yönəlmiş şəhərsalma yanaşmasıdır.

Ənənəvi şəhər mühitində asfalt, beton və digər sərt örtüklər yağış sularının təbii şəkildə torpağa hopmasının qarşısını alır. Nəticədə yağıntı suları sürətlə axaraq:

  • kanalizasiya sisteminə əlavə yük yaradır,
  • küçə və yolların su altında qalmasına səbəb olur,
  • torpaq və yeraltı suların qidalanmasını azaldır.

   Süngər şəhər modeli isə bu prosesi dəyişdirərək şəhəri suya qarşı daha çevik və dayanıqlı hala gətirməyi qarşısına məqsəd qoyur. Bu baxımdan süngər şəhər konsepsiyası yalnız texniki deyil, eyni zamanda ekoloji   əsaslı urban idarəetmə modeli kimi qiymətləndirilir. Bu konsepsiya xüsusilə Mingəçevir şəhəri kimi su resursları,

sənaye və urban inkişaf baxımından mühüm mövqeyə malik şəhərlər üçün aktual hesab oluna bilər. Mingəçevir şəhəri Azərbaycanın mühüm sənaye və enerji mərkəzlərindən biri olmaqla yanaşı, eyni zamanda Kür çayı və Mingəçevir su anbarı ilə sıx əlaqəli urban-ekoloji sistemə malik şəhərdir. Şəhərin bu xüsusiyyətləri ona həm üstünlüklər, həm də müəyyən ekoloji həssaslıqlar qazandırır. Bu üstünlüklər hansılardır?

  • su resurslarına yaxınlıq,
  • yaşıllıq və park potensialı,
  • planlı şəhərsalma imkanları,
  • geniş ictimai və təhsil zonalarının mövcudluğu.

    Şəhərin sənaye potensialı və coğrafi mövqeyi ona böyük üstünlüklər qazandırsa da, yay aylarında kəskin istilər, “istilik adası” effekti və yağıntı sularının səmərəsiz idarə

olunması kimi ekoloji həssaslıqlar yaradır. Bu problemlər göstərir ki, Mingəçevir şəhərinin gələcək inkişafı üçün ekoloji və iqlim baxımından uyğunlaşdırılmış şəhərsalma yanaşmaları vacibdir. Bu çətinlikləri fürsətə çevirmək üçün Süngər şəhər modeli ən optimal həll yoludur. Bəs Süngər şəhər  konsepsiyasının Mingəçevir şəhərinə tətbiq edilməsinin hansi üstünlükləri vardir?Qazanılacaq üstünlükləri real dünya təcrübələri üzərindən təhlil etmək istərdim.

1. Yağıntı sularının daha səmərəli idarə olunması

  Mingəçevir şəhərində yağış sularının əhəmiyyətli hissəsi tez bir zamanda axıdılaraq şəhərdən uzaqlaşdırılır. Halbuki bu suların toplanması və yerli səviyyədə idarə olunması həm daşqın riskini azalda, həm də su ehtiyatlarının daha rasional istifadəsinə imkan yarada bilər.

Mingəçevir şəhəri üçün təklif olunan bu modelin real effektivliyini Çinin Vuhan şəhərinin timsalında aydın görmək olar. Bir zamanlar intensiv yağışlar zamanı ciddi daşqınlarla üzləşən bu şəhər, “Süngər Şəhər” layihəsi çərçivəsində beton örtükləri sukeçirən materiallarla əvəz etmiş və geniş “yağış bağları” (rain gardens) salmışdır.

Bu yanaşmanın tətbiqi suyun dövri və səmərəli istifadəsini təmin edə bilər. Belə ki,

  • Yağış suları birbaşa kanalizasiyaya axıdılmaq əvəzinə, xüsusi drenaj qatlarından keçərək təmizlənər və yeraltı su qatlarını zənginləşdirər.
  • Toplanan sular hesabına şəhərin park və xiyabanlarının suvarılmasında içməli sudan asılılıq minimuma endirər. Mingəçevir kontekstində bu, Kür çayından alınan suyun texniki məqsədlərə deyil, daha strateji ehtiyaclara
  • yönəldilməsinə şərait yarada bilər.
  • Suyun torpaqda və xüsusi su anbarlarında saxlanılması yay aylarında buxarlanmanı təmin edərək şəhərdəki “isti ada” effektini azaldar və havanı sərinləşdirər.

2. İstilik adası effektinin azaldılması

     Mingəçevirin yay aylarında üzləşdiyi yüksək temperatur problemini həll etmək üçün Kolumbiyanın Medelyin şəhərinin tətbiq etdiyi “Yaşıl Dəhlizlər” (Green Corridors) layihəsi mükəmməl bir modeldir. Betonlaşmanın artması ilə temperaturun kəskin yüksəldiyi bu şəhərdə həyata keçirilən tədbirlər qısa zamanda havanın temperaturunu 2°C-3°C aşağı salmağa imkan vermişdir. Mingəçevir şəhərinə  bu yanaşmanın tətbiqi sakinlərin sağlamlığını qorumaqla yanaşı, şəhərin iqlim dəyişikliyinə qarşı dayanıqlığını artıracaq və enerji səmərəliliyini təmin edəcəkdir. Belə ki,

  • Küçə landşaftlarının sıx ağaclandırılması sadəcə vizual gözəllik deyil, həm də asfaltın günəş şüalarını birbaşa udmasının qarşısını alan təbii qalxandır. Bu, piyada hərəkətini daha konforlu edər.
  • Binaların səthində bitki örtüyünün tətbiqi daxili temperaturu azaldar, nəticədə yayda kondisionerlərdən istifadəyə və elektrik enerjisinə qənaət olunar.
  • Mingəçevir şəhərinin su ehtiyatlarından istifadə edərək parklarda fəvvarələr və kiçik kanalların qurulması havanın rütubətlənməsinə və buxarlanma vasitəsilə sərinləşməsinə kömək edər.

3. Ekoloji dayanıqlığın gücləndirilməsi

    Süngər şəhər yanaşması yalnız iqlim risklərini azaltmır, eyni zamanda şəhərin təbii ekosistem funksiyalarını yenidən bərpa edir. Bu yanaşmanın ekoloji üstünlükləri Hollandiyanın Rotterdam şəhərinin tətbiq etdiyi “Su Meydançaları” və “Yaşıl Dəhlizlər” modelində özünü doğruldub.

 Bu modelin tətbiqi Mingəçevir şəhərində aşağıdakı ekoloji transformasiyalar yaradar:

  • Betonlaşmış ərazilərin azaldılması torpağın “nəfəs almasına” və su tutma qabiliyyətinin artmasına səbəb olar. Bu isə torpaq eroziyasının qarşısını alar və yeraltı su balansını bərpa edər.
  • Yaşıl damlar, süni bataqlıqlar (constructed wetlands) və yağış bağları şəhər mühitində quşlar, faydalı həşəratlar və yerli bitki növləri üçün təbii sığınacaqlar yaradar. Rotterdamda bu cür sahələrin artırılması şəhər daxilində flora və faunanın 40% daha çox şaxələnməsinə səbəb olmuşdur.
  • Şəhər ekosistemi özü-özünü təmizləyən bir mexanizmə çevrilər. Yağış suları torpaq və bitki qatlarından keçərək zərərli maddələrdən təmizlənər və Kür çayına daha təmiz şəkildə qayıdar.
  • Kür çayının sahilində yerləşən Mingəçevir şəhəri üçün bu yanaşma həyati əhəmiyyət kəsb edir. Çay ekosistemi ilə şəhər infrastrukturunun bu cür inteqrasiyası Mingəçeviri “yaşıl iqtisadiyyat” və “ekoloji turizm” üçün regional mərkəzə çevirə bilər.

4. Dayanıqlı şəhərsalma modelinin formalaşdırılması

     Mingəçevir şəhərinin gələcək inkişaf strategiyasında süngər şəhər yanaşmasının tətbiqi, şəhəri sadəcə binalar toplusu deyil, özünü tənzimləyən dayanıqlı bir ekosistem kimi formalaşdıracaqdır. Bu modelin ən uğurlu nümunələrindən biri olan Kopenhagenin “Bulud Partlaması” (Cloudburst Management Plan) layihəsi sübut edir ki, urbanizasiya təbiətlə ziddiyyət təşkil etməməlidir.

Bu yanaşma Mingəçevir şəhəri üçün aşağıdakı üstünlükləri təmin edəcəkdir:

  • Təhsil Müəssisələrinin həyətlərində yaradılan kiçik süni göllər və yağış bağları həm suyun idarə olunmasına kömək edəçək, həm də tələbələr və şagirdlər üçün “açıq hava laboratoriyası” rolunu oynayacaqdır.
  • Sukeçirən asfalt və xüsusi drenajlı piyada yolları yeraltı kommunikasiya xətlərinin yüklənməsini azaldar. Bu isə yol örtüyünün ömrünü uzadar və su yığılmalarının qarşısını alar.
  • Binaların damlarında toplanan yağış sularının filtrasiya edilərək binanın daxili texniki ehtiyacları üçün istifadəsi resurslara qənaəti təmin edəçək.
  • Mingəçevir bulvarının ekoloji regenerasiyası çərçivəsində tətbiq olunacaq su-tutma zonaları çayın sahil ekosistemini qoruyacaq və estetik görünüşü artıracaqdır.
  • Şəhərsalma ilə ekoloji planlaşdırma arasında yaradılan bu bağ, Mingəçevir şəhərini gələcəyin “Ağıllı və Yaşıl” şəhər standartlarına cavab verən model bir məkana çevriləçək. Kopenhagen nümunəsində olduğu kimi, bu layihələr həm də daşınmaz əmlakın dəyərini artırar və şəhərə yeni investisiyalar cəlb edəçəkdir.

          Beləliklə, Süngər şəhər konsepsiyası Mingəçevir şəhəri üçün sadəcə infrastruktur layihəsi deyil, şəhərin iqlim dəyişikliyinə qarşı dözümlülüyünü təmin edən, iqtisadi səmərə gətirən və sakinlərin həyat keyfiyyətini köklü şəkildə yüksəldən dayanıqlı inkişaf modelidir. Süngər şəhər konsepsiyası Mingəçevir şəhəri üçün iqlim dəyişmələrinə adaptasiya baxımından aktual, praktik və perspektivli yanaşmadır. Son olaraq qeyd edim ki, gələcəyin uğurlu şəhəri yalnız böyük və müasir olan şəhərlərlər deyil, həm də təbiətlə uzlaşan, əhalisinin sağlamlığını təmin edən, su ehtiyatlarını düzgün idarə edən və iqlim dəyişmələrinə uyğunlaşa bilən şəhərlər olacaqdır. İstərdim ki, Mingəçevir şəhəri də bu şəhərlər sırasına daxil olsun.

  .