Mingəçevir şəhər Uşaq və Ailələrə Dəstək Mərkəzində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı genişmiqyaslı tədbir keçirilib. Tədbirdə Mingəçevir Dövlət Universitetinin (MDU) elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov, Mingəçevir şəhər təhsil sektorunun müdiri Sevinc Həsənova, Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Mingəçevir Komitəsinin sədri Həqiqət Şahmuradova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) direktoru Aygün Fərruxova, mərkəzin müəllim və valideyn kollektivi iştirak edib.
Tədbirə öncə uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Ardınca mərkəzin musiqi müəllimi Elnarə Səmədovanın hazırladığı musiqili-əyləncəli proqram Dövlət Bayrağının gətirilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.
Bayram tədbirinə Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli Onbirillik Musiqi Məktəbinin Xalq çalğı alətləri şöbəsinin “Xarı Bülbül” ansamblının bədii rəhbəri Amil Həsənovun şagirdləri, musiqi məktəbinin “Qaytağı” ritm qrupunun bədii rəhbəri Diqqət Sadıqovun, “Piano” qrupunun şagirdləri və uşaqların sevimli kloun personajı rəngarəng musiqi nömrələri ilə xüsusi ab-hava qatıblar.
Sonra, mərkəzdə təhsil alan fiziki məhdudiyyətli uşaqların hazırladığı səhnəciklər, şeirlər və nəğmələr nümayiş olunub.
Tədbirdə çıxış edən Sevinc Həsənova, professor Veysəl Əyyubov və Aygün Fərruxova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən danışaraq uşaqlara sağlam, xoşbəxt və sülh içində bir həyat arzuladılar. Onlar qeyd etdilər ki, bugünün uşaqları sabahın ümidi, cəmiyyətin gələcəyidir və onların üzündən təbəssüm heç zaman əskik olmamalıdır.
Sonda tədbirin təşkilində fəallıq göstərənlər təltif edilib və müxtəlif hədiyyələr verilib.
Tədbir müəllim və şagirdlərin ifasında şeir və musiqilərin səsləndirilməsi ilə davam edib.