Mingəçevir Dövlət Universitetinin tələbə və müəllim heyəti Zaqatala Dövlət Təbiət Qoruğunda ekoloji maarifləndirici ekskursiyada iştirak edib

Mingəçevir Dövlət Universitetinin Fizika və Ekologiya kafedrasının təşkilatçılığı ilə kafedranın müəllimləri, magistrantları, həmçinin “Ekologiya” və “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə Zaqatala Dövlət Təbiət Qoruğuna və Zaqatala Təbiət Muzeyinə maarifləndirici ekskursiya təşkil olunub.

Ekskursiyanın əsas məqsədi tələbələrin ekoloji biliklərinin artırılması, bioloji müxtəlifliyin qorunması istiqamətində praktiki anlayışlarının gücləndirilməsi və dayanıqlı inkişaf prinsiplərinin real mühitdə müşahidəsi olub. Bu təşəbbüs MDU-nun “Yaşıl Kampus” yanaşması və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq ekoloji təhsil və məsuliyyətli yanaşmanın təşviqinə xidmət edir.

Ekskursiya çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun direktoru Qalib Mehdiyev, baş elmi işçi Məlahət Zəngiyeva və böyük elmi işçi Gülmira Rzayeva tərəfindən iştirakçılara qoruğun təbii-coğrafi xüsusiyyətləri, zəngin flora və faunası, eləcə də mühafizə mexanizmləri barədə ətraflı məlumat verilib.

İlk olaraq Zaqatala Təbiət Muzeyində keçirilən tanışlıq zamanı muzeyin yaranma tarixi və fəaliyyəti barədə geniş təqdimat edilib. Bildirilib ki, 1959-cu ildə yaradılan muzey regionda bu istiqamətdə fəaliyyət göstərən yeganə ixtisaslaşmış mədəni-təbiət ocağıdır və əsas məqsədi təbiətin mühafizəsinin təbliği, əhalinin ekoloji maarifləndirilməsi və biomüxtəliflik haqqında biliklərin artırılmasıdır. Muzeydə qoruq ərazisində yaşayan 100-dən artıq canlı növünün ekspozisiyası nümayiş etdirilir və bu eksponatlar müasir taksidermiya texnologiyaları əsasında hazırlanaraq uzunmüddətli qorunma imkanına malikdir.

Daha sonra iştirakçılar qoruq ərazisi ilə yaxından tanış olublar. Qeyd olunub ki, 1929-cu ildə yaradılmış Zaqatala Dövlət Təbiət Qoruğu Böyük Qafqazın cənub yamaclarında yerləşərək 47 349 hektar ərazini əhatə edir və yüksəklik diapazonu 650 metrdən 3646 metrədək dəyişir. Qoruq Azərbaycanın ən zəngin bioloji müxtəlifliyə malik ərazilərindən biri kimi tanınır. Burada ölkə florasının təxminən 25 faizini təşkil edən 1000-dən artıq bitki növü, o cümlədən “Qırmızı kitab”a daxil edilmiş 67 nadir növ mövcuddur. Eyni zamanda, fauna baxımından da ərazi Şərqi Qafqaz turu, Qafqaz nəcib maralı, qonur ayı, vaşaq və digər nadir növlərlə zəngindir.

Ekskursiya çərçivəsində tələbələr qoruğun təbii landşaft elementləri ilə də tanış olublar. Zaqatala şəlaləsi, Piçigel mağarası və Xalaxı gölü kimi təbiət abidələri iştirakçılarda böyük maraq doğurub. Qeyd edilib ki, ərazidə yerləşən şəlalələr, mağaralar və tarixi abidələr regionun həm ekoloji, həm də turizm potensialını artıran mühüm amillər sırasındadır.

Qeyd edək ki, ekskursiya çərçivəsində əldə olunan praktiki təcrübə tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsinə, ətraf mühitin qorunmasına dair məsuliyyətli yanaşmanın formalaşdırılmasına və dayanıqlı inkişaf dəyərlərinin təhsil prosesinə inteqrasiyasına mühüm töhfə verir.