Mingəçevir Dövlət Universitetində (MDU)  “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Azərbaycan tarixinin Zəfər zirvəsi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

  • Рубрика записиMDU xəbərləri

2024-cü ilin noyabrın 5-də Mingəçevir Dövlət Universiteti (MDU), YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Azərbaycan tarixinin Zəfər zirvəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbirdə şəhid ailələri, Vətən müharibəsi qaziləri, MDU-nun akademik və inzibati heyət üzvüləri, tələbə və magistrantları iştirak edib. Əvvəlcə tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirin açılışında MDU-nun rektor v.m.i.e. Üzeyir Zeynalov çıxış edib. Şanlı qalibiyyətin dördüncü ildönümünün ölkəmizdə böyük təntənə və coşqu ilə qeyd edildiyini bildirən Ü.Zeynalov birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olunmuş 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli və müdrik rəhbərliyi, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməz gücü sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Hazırda Şuşada, Xankəndində, Xocalıda və işğaldan azad edilmiş digər bütün əzəli yurdlarımızda şanlı Azərbaycan bayrağının qürurla dalğalandığını vurğulayan Ü.Zeynalov bu sonsuz sevinc və fəxarət hisslərini xalqımıza bəxş edən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib. Qazanılan qələbədə gənc nəslin vətənpərvərlik tərbiyəsinin önəmli rolundan danışan Ü.Zeynalov tədbirin əhəmiyyətini diqqətə çatdırıb.

Zəfər Günü münasibətilə təbriklərini çatdıran Azərbaycan Silahlı Qüvvələrinin Polkovniki, Vətən Müharibəsi Qəhrəmanı, “N” saylı hərbi hissənin komandiri Elnur Qebedov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində doğma torpaqlarımızın işğaldan azad olunmasından və tarixi ədalətin bərpa edilməsindən bəhs edib. 44 günlük Vətən Müharibəsində Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsinin yazıldığını qeyd edən E.Qebedov tarixi Zəfərin qazanılmasında qəhrəman şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bildirib.

Təhsil müəssisələrində vətənpərvərlik mövzusunda tədbirlərin önəmindən danışan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Zəfər günün tarixi əhəmiyyətindən danışaraq bildirmişdir ki, tarixi qələbəyə gedən yolun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Prezident cənab İlham Əliyev isə ata vəsiyyətini yerinə yetirərək öz adını şanlı tariximizə qızıl hərflərlə yazdırıb.  

Sonra, şəhid ailə üzvləri çıxış edərək qanları və canları bahasına şanlı tarix yazan qəhrəmanlarımızla qürur duyduqlarını bildiriblər. Göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini bildirən şəhid ailəsi üzvləri şəhidlərin adlarının daim uca tutulmasından məmnunluqlarını ifadə ediblər.

 Daha sonra, Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib və məruzələr dinlənilib.

 MDU-nun Mexanika kafedrasının müəllimi, müharibə veteranı Qaragöz Kərimov “Zəfərin zirvəsinə aparan qəhrəmanlıq səlnaməsi”, MDU-nun Xarici dillər kafedra müdiri, dosent Mehdi Rəhimov “Tariximizin əbədi qürur dastanı”, Humanitar fənlər kafedrasının baş müəllimi, fil.f.d. Günel Yunusova “Zəfər tariximiz ədəbiyyatımızda əbədiləşir”, MDU-nun baş müəllimi, t.ü.f.d. Vüsalə Mövlayeva “Böyük Zəfərimiz müasir tariximizin ən şanlı hadisəsidir” mövzusunda çıxış ediblər.

Konfransın sonunda MDU-nun və Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş silsilə tədbirlərində iştirak edən hərbiçi və tələbələrə sertifikatlar təqdim olunub.