Lənkəran Dövlət Universitetinin nümayəndə heyəti Mingəçevir Dövlət Universitetində olub

  • Рубрика записиMDU xəbərləri

2022-ci ilin oktyabrın 17-də Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Natiq İbrahimov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevir Dövlət Universitetində (MDU) olub. Nümayəndə heyətinin tərkibində LDU-dan rektorun müşavirləri Mikayıl Məhərrəmov və Telman İmanov, fakültə dekanları Gülbəniz Əliyeva və Zaur Məmmədov, şöbə müdiri Ülkər Babayeva təmsil olunub.

Səfər çərçivəsində LDU və MDU rektorları arasında görüş keçirilib, akademik və inzibati heyət arasında müzakirələr aparılıb və Müstəqilliyin Bərpası Gününə həsr olunan birgə konfrans təşkil olunub.

Rektorlar arasında keçirilən görüşdə ikitərəfli qarşılı faydalı işbirliyinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb və universitetlər arasında mövcud Əməkdaşlıq Müqaviləsinə Əlavələr razılaşdırılaraq imzalanıb. Sözügedən Əlavələr hər iki universitetdə mövcud laboratoriyalardan birgə istifadə, fənn proqramlarının təkmilləşdirilməsi, tələbə və müəllim mübadiləsi, birgə tədqiqat işlərinin aparılması və birgə məqalələrin yazılması istiqamətində əməkdaşlığın inkişafını özündə ehtiva edir.

Akademik və inzibati heyət üzvləri arasında keçirilən görüşlərdə müxtəlif istiqamətlərdə universitet idarəçiliyinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb və hər iki universitetin müvafiq təcrübələri paylaşılıb.

Səfər çərçivəsində Mingəçevir şəhər İcra Hakimiyyəti, MDU və LDU-nun birgə təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Davamlı inkişaf edən müstəqil Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransın açılışında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, MDU-nun rektoru Şahin Bayramov və LDU-nun rektoru Natiq İbrahimov çıxış ediblər. Sonra hər iki universitetin bir qrup akademik heyət üzvü elmi məruzələrini təqdim edib.

Səfər proqramı nümayəndə heyəti üzvlərinin “Azərbaycan” İstilik Elektrik Stansiyasına ziyarət etməsi ilə başa çatıb. Ziyarət zamanı universitet təmsilçiləri Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevirə atılan raketin düşdüyü yerlə də tanış olublar.

Qeyd edək ki, MDU və LDU arasında işbirliyinin əsası 2021-ci ilin 15 oktyabr tarixində Əməkdaşlıq Müqaviləsinin imzalanması ilə qoyulub. Hal-hazıradək əməkdaşlıq çərçivəsində ortaq elmi konfranslar keçirilib, akademik və inzibati heyət üzvlərinin qarşılıqlı səfərləri və görüşləri təşkil olunub.