Mingəçevir Dövlət Universitetində “Kiçik Akademiya”nın konfransı keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “Kiçik Akademiya”nın konfransı keçirilib

 

Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin birgə təşkilatçılığı ilə “Elmin zirvəsinə gedən yol” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Sözügedən liseyin “Kiçik Akademiya”sı çərçivəsində təşkil olunan konfransın işində MDU-nun professor-müəllim və tələbə heyəti, liseyin pedaqoji kollektiv üzvləri və şagirdlər iştirak ediblər.

Konfrans iştirakçılarını salamlayan rektor Şahin Bayramov Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan “Kiçik Akademiya”ların əsas məqsədinin yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi və ali təhsil müəssisələri ilə ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarət olduğunu bildirib. Müasir elmi tədqiqatların məzmununun əhəmiyyətli dəyişməsini və innovativ tədqiqat metodologiyalarının tətbiqinin geniş vüsət aldığını qeyd edən edən Ş.Bayramov elmi-nəzəri konfransın şagirdlərin tədqiqatyönümlü layihələrə cəlb olunması baxımından vacibliyini diqqətə çatdırıb.

Liseyin “Kiçik Akademiya”sı haqqında məlumat verən direktor Aidə İsmayılova elmi-tədqiqat fəaliyyətinə marağı olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılmasında və onların fəaliyyətlərinin stimullaşdırılmasında MDU ilə birgə keçirilən konfransın mühüm rol oynadığını bildirib.

Sonra liseyin XI sinif şagirdi Famil Müseyib oğlu Məmmədov “Bəzi sonlu və sonsuz cəmlərin hesablanması” (elmi rəhbər: p.f.d., dosent Müsəllim Hümmətov, məsləhətçi müəllim: Cavid Bayramov), XI sinif şagirdi Səma Azər qızı Məmmədova “İngilis dili dərslərində şagirdlərin kommunikativliyinin inkişaf etdirilməsi” (elmi rəhbər: fil.f.d. Şükufə Qocayeva, məsləhətçi müəllim: Vüqar Soltanov), XI sinif şagirdi Fəxrəddin Şəfiyev “Azərbaycan albanlarının qriqoriyanlaşdırılması məsələsinə dair” (elmi rəhbər: t.f.d., dosent Nizami Zeynalov, məsləhətçi müəllim: Anar Qasımov), XI sinif şagirdi Nərgiz Rüstəmova “İbtidai sinif şagirdlərinin milli-mənəvi tərbiyəsi məsələləri” (elmi rəhbər: p.f.d., dosent Sahib Məmmədov, məsləhətçi müəllim: Şahnaz Nəbiyeva), XI sinif şagirdi Nigar Vüqar qızı İsmayılova “”EXCEL” proqramında məntiqi və riyazi funksiyalarla işləmə” (elmi rəhbər: r.f.d., dosent Məlahət İsmayılova, məsləhətçi müəllim: Afət Əliyeva), XI sinif şagirdi Aytac Vüqar qızı Mustafayeva “Yunis Əmrə və Nəsiminin irfani-poetik fikir paralelləri” (elmi rəhbər: fil.f.d. Günel Yunusova, məsləhətçi müəllim: Rahilə Mustafayeva) mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələr ətrafında aparılan müzakirələrdə şagirdlərin elmi işləri yüksək qiymətləndirilib.

Sonda şagirdləri təbrik edən Ş.Bayramov konfransın keçirilməsində və şagirdlərin elmi tədqiqatlar üzrə istiqamətləndirilməsində əməyi olan MDU-nun və liseyin müəllimlərinə, eləcə də şagirdlərin valideynlərinə təşəkkürünü bildirib. Liseyin şagirdləri arasından gələcək alimlərin yetişəcəyinə əminliyini bildirən və onlara təhsil və gələcək elmi fəaliyyətdə uğurlar arzulayan rektor universitetlə lisey arasında potensial əməkdaşlığın inkişaf etdirilməsi üçün bütün imkanların səfərbər olunacağını bəyan edib.

        Sonda məruzəçi şagirdlərə sertifikatlar təqdim olunub, xatirə şəkili çəkdirilib.

{phocagallery view=category|categoryid=196|limitstart=0|limitcount=0}