2020-ci ilin 22 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) X elmi-praktik konfransı keçirilib.
“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı açan rektor Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə münasibətilə tələbələri təbrik edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Son dövrdə MDU-da tələbələrin elmi tədqiqat fəaliyyətinə daha fəal cəlb edilməsi üçün geniş imkanların yaradıldığını qeyd edən rektor tələbə və magistrantların elmi potensialının üzə çıxarılmasında və inkişaf etdirilməsində elmi tədbirlərin əhəmiyyətindən və bu istiqamətdə universitetdə görülən işlərdən danışıb.
Təqdim olunacaq elmi tədqiqatların mövzuları barədə ətraflı məlumat verildikdən sonra tələbələrin məruzələri dinlənilib.
Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən Çingiz Çingizzadə “Qarabağın iqtisadi potensialı” mövzusunda (Elmi rəhbər: b.m. Günəş Şəfaqətov), Xanımtər Vəliyeva “Qarabağın dağıdılmış və məhv edilmiş tarixi abidələri” mövzusunda (Elmi rəhbər: b.m.Elmira Hacıyeva), Anar Quliyev “Qarabağın sənaye potensialı və onun perspektiv inkişaf imkanları” mövzusunda (Elmi rəhbər: b.m.Arif Tağıyev), Pedaqoji fakültəsinin tələbələrindən Alsu Məmmədova “Törəmənin cəbri xarakterli bəzi məsələlərin həllinə tətbiqi” mövzusunda (Elmi rəhbər: dos. Müsəllim Hümbətov), Xədicə Abdullayeva “Müzəffər Azərbaycan ordusu və hərb tarixindən gələn səslər” mövzusunda (Elmi rəhbər: b.m. İlham Məmmədov), Mühəndislik fakültəsinin tələbələrindən Salatın Rəhimova “Kompüter oyunlarının zərərləri və faydaları” mövzusunda (Elmi rəhbər: b.m. Asudə Abdurrahmanova), Leyla Əlipaşayeva “Dərman vasitələrinin ekoloji təsiri” mövzusunda (Elmi rəhbər: b.m. Rayihə Ağayeva) məruzələr ilə çıxış ediblər.
Sonra, müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Elmi-praktik konfransda tələbələrin cəmiyyətin aktual inkişaf problemləri, Vətən müharibəsində əldə olunan şanlı qələbəyə və işğaldan azad edilmiş bölgələrimizin gələcək inkişafı ilə bağlı tədqiqatlara böyük maraq göstərməsi yüksək qiymətləndirilib.
Sonda maraqlı məruzələrə görə təşəkkürünü bildirən rektor Ş.Bayramov tələbələrin elmi fəaliyyətinin genişləndirilməsi istiqamətində MDU tərəfindən bütün zəruri dəstək tədbirlərinin həyata keçiriləcəyini diqqətə çatdırıb.