Mingəçevir Dövlət Universitetində Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş Respublika Elmi Konfransın bölmə iclasları keçirilib

2026-cı ilin 1–2 may tarixlərində Mingəçevir Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Respublika Elmi Konfrans çərçivəsində bölmə iclasları təşkil olunub.

Konfrans proqramına uyğun olaraq keçirilən bölmə iclaslarında müxtəlif elmi istiqamətləri əhatə edən müzakirələr aparılıb. “Təhsil və humanitar elmlər” bölməsi başda olmaqla sessiyalarda Heydər Əliyev irsinin dövlətçilik fəlsəfəsi, təhsil strategiyası, dil siyasəti, milli-mənəvi dəyərlərin qorunması və müasir inkişaf modelləri kontekstində elmi təhlili geniş şəkildə təqdim edilib.

Bölmə iclaslarında ölkənin 30-dan çox ali təhsil və elmi-tədqiqat müəssisəsini təmsil edən alim və tədqiqatçılar tərəfindən ümumilikdə 390-dan artıq məqalə və tezis təqdim olunub. Məruzələrdə siyasi, iqtisadi və humanitar sahələr üzrə aktual məsələlərə elmi yanaşmalar nümayiş etdirilib, müxtəlif yanaşmalar əsasında müzakirələr aparılıb və fikir mübadiləsi həyata keçirilib.

İclaslar çərçivəsində təqdim olunan elmi nəticələrin praktik əhəmiyyəti, eləcə də Heydər Əliyev irsinin müasir dövrdə tətbiq imkanları xüsusi olaraq vurğulanıb. Qeyd olunub ki, belə elmi platformalar milli dövlətçilik ideyalarının təbliği, gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması və universitetlərarası akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.