Haqqımızda

Mingəçevir Dövlət Universitetinin əsası 1991-ci ildə Mingəçevir şəhərində Azərbaycan Sənaye Universitetinin (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) filialının yaradılması ilə qoyulmuşdur. Filialın təsis edilməsində əsas məqsəd sənaye şəhəri olan Mingəçevir və ətraf bölgələr üçün mühəndis-texniki kadrların hazırlanması idi. Bu addım regionda ali texniki təhsilin inkişafında mühüm mərhələ olmuşdur.

Sonrakı illərdə filial müstəqil ali təhsil müəssisəsinə çevrilərək əvvəlcə Mingəçevir Energetika İnstitutu, daha sonra isə Mingəçevir Politexnik İnstitutu kimi fəaliyyət göstərmişdir. Həmin dövrdə əsasən energetika, mexanika, texnologiya, nəqliyyat və digər sənaye yönümlü ixtisaslar üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanmışdır.

Mingəçevirin Azərbaycanın aparıcı sənaye və enerji mərkəzlərindən biri olması tədris prosesinin praktik yönümlü təşkilinə geniş imkan yaratmışdır. Azərbaycan İstilik Elektrik Stansiyası (AzİES) və şəhərdə fəaliyyət göstərən digər sənaye müəssisələri ilə əməkdaşlıq çərçivəsində tələbələrin istehsalat təcrübələri təşkil edilmiş, təhsil ilə istehsalat arasında səmərəli əlaqə formalaşdırılmışdır. Bu mərhələdə Mingəçevir Politexnik İnstitutu regionun sənaye potensialına uyğun mühəndis kadrların hazırlanmasında mühüm rol oynamışdır.

Mingəçevir Dövlət Universiteti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyul 2015-ci il tarixli, № 1335 nömrəli Sərəncamı ilə yaradılmışdır. Həmin Sərəncama əsasən, Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Mingəçevir Dövlət Universiteti təsis edilmişdir. Eyni zamanda, ləğv edilmiş Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının maddi-texniki bazası universitetin balansına verilmişdir.

Bu qərar nəticəsində şəhərdə mövcud olan texniki və pedaqoji təhsil potensialı vahid ali təhsil platformasında birləşdirilmiş, çoxprofilli və müasir ali təhsil müəssisəsi formalaşdırılmışdır. Hazırda Mingəçevir Dövlət Universiteti regionun sosial-iqtisadi inkişafına töhfə verən, əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli mütəxəssislər hazırlayan ali təhsil ocağı kimi fəaliyyətini uğurla davam etdirir.

 

Tariximiz

Bu ali təhsil müəssisəsi 1991-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin (hazırki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mingəçevir filialı kimi fəaliyyətə başlayıb. Filial regionda yerləşən sənaye müəssisələrinin ehtiyaclarına uyğun kadrların hazırlanması məqsədilə açılıb. 1992-ci ilin avqustun 25-də filialın bazasında Mingəçevir Energetika İnstitutu yaradılıb. 1993-cü ilin avqustun 4-də Mingəçevir Energetika İnstitutu Mingəçevir Politexnik İnstitutu adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti (MDU) yaradılıb. MDU-nun Nizamnaməsi 2015-ci ilin avqustun 24-də təsdiq edilib və avqustun 27-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Şahin Bayramov MDU-ya rektor təyin edilib. 2022-ci ilin avqustun 9-da Azərbaycan Respublikasının Nazirlər Kabineti MDU-nun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan ali təhsil müəssisəsinə çevrilmə yolu ilə yenidən təşkil edilməsi və Nizamnaməsinin təsdiq edilməsi barədə qərar qəbul edib.

SLOQANIMIZ

Müasir təhsil, doğru seçim, uğurlu karyera

MİSSİYAMIZ

Dayanıqlı inkişafa töhfə verən yüksək ixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü elmi tədqiqatlar aparmaq və cəmiyyətə faydalı sosial xidmətlər göstərmək

VİZYONUMUZ

Təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənən yeni dövrün universitetinə çevrilmək