Rektor

Anar Eminov
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov 1982-ci ildə Sumqayıt şəhərində anadan olub. 1999–2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq ticarət” ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Təhsilini Türkiyədə davam etdirərək, 2003–2006-cı illərdə Ege Universitetində və Dokuz Eylül Universitetində beynəlxalq biznesin idarə edilməsi üzrə magistr proqramını bitirib. Bundan əlavə, 2006–2010-cu illərdə Qərb Universitetində hüquqşünaslıq təhsili alıb, 2025-ci ildə isə London Universitetində idarəetmə üzrə ixtisasartırma kursunu tamamlayıb.
Anar Eminov 2012-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2016-cı ildə isə dosent elmi adını alıb. O, 200-ə yaxın elmi məqalənin, 5 dərs vəsaitinin və 1 monoqrafiyanın müəllifidir.
2018-ci ildə Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru, 2023-cü ildə isə Azərbaycan Texniki Universitetinin Tədqiqat və inkişaf şöbəsinin müdiri və Yüksək Təhsil İnstitutunun direktoru vəzifələrində çalışıb.
Anar Eminov eyni zamanda investisiya layihələrinin effektivliyi və sosial sahələrin tədqiqi istiqamətində böyük elmi və pedaqoji təcrübəyə malikdir.
Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2025-ci il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.