690 bal toplayan Xocavəndli gənc müəllim Mingəçevir Dövlət Universitetinin uğurları üçün çalışır

  • Post category:Xəbərlər (AZ)

690 bal toplayan Xocavəndli gənc müəllim Mingəçevir Dövlət Universitetinin uğurları üçün çalışır

 

Xocavənd rayonunun Qaradağlı kəndində anadan olan Şəlalə Quliyeva erməni işğalı səbəbindən bir yaşından köçkün həyatı yaşamağa başlayıb və ailəsi ilə birlikdə Mingəçevir şəhərində məskunlaşıb. Vətən həsrəti və çətin keçən uşaqlıq illəri onun ölkəmiz üçün layiqli vətəndaş və cəmiyyətimiz üçün faydalı mütəxəssis olmaq istəyinə mane ola bilməyib.

2008-ci ildə Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyi bitirən Ş.Quliyeva ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarında 690 bal toplayaraq rekord göstərici ilə Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər ixtisasına qəbul olub. BDU-da ali təhsilini yüksək göstəricilərlə başa vuran Ş.Quliyeva daha sonra Bakı Slavyan Universitetində “Ölkəşünaslıq” ixtisası üzrə magistr dərəcəsi alıb.

Əmək karyerasına 2019-cu ildə MDU-da başlayan Ş.Quliyeva hazırda universitetin Humanitar fənlər kafedrasında müəllim vəzifəsində çalışır. “Politologiya” və “Multikulturalizmə giriş” fənlərini tədris edən Ş.Quliyeva MDU ailəsinin üzvü olmaqdan çox məmnundur və təhsilini doktorantura səviyyəsində davam etdirməyi arzulayır.

MDU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı ilə söhbət zamanı o, müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun xalqımıza qazandırdığı şanlı Qələbənin sonsuz sevincini yaşadığını və buna görə böyük qürur hissi keçirdiyini bildirib. Doğma yurduna qayıdacağını səbrsizliklə gözləyən Ş.Quliyeva tarixi qələbənin yaratdığı ruh yüksəkliyinin onun fərdi və karyera inkişafında böyük rol oynayacağını bildirib.

Son dövrdə MDU-da bütün fəaliyyət istiqamətləri üzrə həyata keçirilən keyfiyyət dəyişikliklərindən, universitetin yeniləşən və müasirləşən simasından bəhs edən Ş.Quliyeva yeni dövrün tələblərinə uyğun universitet quruculuğunda fəal iştirak etməyə çalışdığını deyib. MDU-da elmi və pedaqoji fəaliyyət istiqamətləri üzrə yaradılan imkanlardan, gənc kadrların hərtərəfli karyera inkişafına xüsusi diqqət yetirilməsindən danışan Ş.Quliyeva MDU-nun yaxın gələcəkdə ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən birinə çevriləcəyinə əminliyini ifadə edib.

Ölkəmizdə ali təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısının əhəmiyyətini vurğulayan Ş.Quliyeva MDU-nun gələcək uğurlarında pay sahibi olmaq, layiqli vətəndaş və yüksək ixtisaslı mütəxəssis yetişdirilməsinə töhfə vermək üçün bundan sonra daha çox çalışacağını diqqətə çatdırıb.

Qeyd edək ki, hazırda MDU-da professor-müəllim və inzibati-texniki heyət üzvlərinin bilik və bacarıqlarının yüksəldilməsinə, işə qəbul və vəzifə dəyişiklikləri zamanı yüksək təhsil nəticələri, ictimai fəallığı, yaradıcılıq qabiliyyəti və vətənpərvərlik keyfiyyətləri ilə fərqlənən gənclərə üstünlük verilir.

{phocagallery view=category|categoryid=463|limitstart=0|limitcount=0}