MDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib
Mingəçevir Dövlət Universitetində Humanitar fənlər kafedrasının təşəbbüsü ilə Azərbaycan xalqının çoxəsirlik ənənələrə malik, bədii və fəlsəfi fikirində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilmiş ümumşəhər bədii qiraət müsabiqəsinin təntənəli yekun mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması və 2019-cu ilin Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında sərəncamlarına əsasən təşkil olunan yubiley mərasimində universitetin rektoru Akif Hacıyev, professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.
Mingəçevir Dövlət Universitetinin “Humanitar fənlər” kafedrasının müdiri, dosent, tədbirin təşkiltçısı Esmira Cəfərova mərasimi açıq elan edərək, gələn qonaqları salamlayıb. İmadəddin Nəsiminin yaradıcılığına nəzər salan E.Cəfərova şairin Azərbaycan xalqının XIV yüzillikdə ərsəyə gətirdiyi ən böyük mütəfəkkir şairlərdən və ideya fədailərindən biri olduğunu qeyd edib və onun İslam Şərqinin hər üç ədəbi dilində əsərlər yazdığını və daha çox Azərbaycan türkcəsində qələmə aldığı ölməz qəzəlləri ilə yaddaşlara həkk olunduğunu söyləyib. Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri olduğunu diqqətə çatdırıb.
Sonra söz Mingəçevir Dövlət Univresitetinin müəllimi nəsimişünas, Nəsimi haqqında bir sıra əsərlərin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı şair, “Qızıl qələm” mükafatçısı Əbülfət Həsənoğluya verilib. Ə.Həsənoğlu görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edib. Bildirib ki, Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alıb. Nəsimi öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib. Lakin Nəsimi istedadının miqyası o qədər geniş idi ki, o, öz yaradıcılığı ilə yalnız Azərbaycan xalqına məxsus deyildi. Fransua Rable yalnız fransız xalqına məxsus olmadığı kimi, Uilyam Şekspir yalnız ingilis xalqına, Migel de Servantes təkcə ispan xalqına məxsus olmadığı kimi və eyni zamanda, bütün bəşəriyyətə məxsus olduqları kimi, Nəsimi də öz yaradıcılığı ilə bütün bəşəriyyəti əsərlərində ifadə edib.
Əbülfət Həsənoğlu vurğulayıb ki, mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının himni idi. Despotizmin, nadanlığın və cahilliyin daim təqib etdiyi İ.Nəsimi müxtəlif ölkələrdə sığınacaq axtarsa da, həmin ölkələrdə də təqib və təhdidlərdən xilas ola bilmir. Hələb şəhərində isə şairin həyatında ən böyük faciə baş verir, dərisi soyulmaqla edam edilir. Edama məhkum olunan Nəsimi dünyadan köçmədi. O, əsrlərdən bəri insanların qəlbində yaşamaqda davam edir, dünya poeziyası, ədəbi və fəlsəfi fikrində öz abidəsini ucaltmağa müvəffəq olub. Qeyd edib ki, Nəsimi sufilik cərəyanına yaxın olsa da, sonradan hürufiliyin aparıcı simalarından olub. Onun ustadı Nəimi edam edilsə də, Nəsimi öz yolundan, hürufilik təlimini təbliğ etməkdən dönməyib. Nəsimi poeziyası vasitəsilə sülhü, tolerantlığı və multikulturalizmi müdafiə edib. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə edam olunan Nəsiminin sərdabəsi Suriyanın Hələb şəhərindədir.
Əbülfət Həsənoğlu qeyd edib ki, İ.Nəsiminin adı Azərbaycanda əbədiləşdirilib, elm və təhsil ocaqlarına, rayon, küçə, meydanlara onun adı verilib, abidəsi ucaldılıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüs və səyləri ilə hələ SSRİ dövründə Bakının mərkəzində şairin abidəsi ucaldılıb, onun adının əbədiləşdirilməsi üçün çox işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında sərəncamları bu gün ölkəmizdə şairə verilən yüksək dəyərin göstəricisidir.
Sonra İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilmiş ümumşəhər bədii qiraət müsabiqəsinin qalibləri mükafatladırılıb.
Sonda Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev çıxış edib. müsabiqədə iştirak etmiş, qalib gəlmiş şagird və tələbələri, onların müəllimlərini təbrik edib və uğurlar arzulayıb. İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğunu diqqətə çatdırıb. Bildirib ki, Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan, əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən şair olub.
Akt zalında İmadəddin Nəsimiyə həsr olunmuş sərgi nümayiş olunub. Sərgidə dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsiminin zəngin irsini əks etdirən kitablar təqdim olunub.
{phocagallery view=category|categoryid=133|limitstart=0|limitcount=0}