MDU-da “Pedaqoji” fakültədə insan hüquqları aylığı çərçivəsində tədbir keçirilib
Mingəçevir Dövlət Universitetində insan hüquqları aylığı çərçivəsində Pedaqoji fakültədə tədbir keçirilib. Tədbiri giriş sözü ilə fakültə dekanı, dosent Nizami Zeynalov açıb. Rektor Akif Hacıyevin salamlarını tədbir iştirakçılarına çatdıran Nizami Zeynalov tədbirin məramı barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Həmin sərəncamın imzalanmasından artıq 12 il keçir. Azərbaycan Respublikasının İnsan Hüquqları uzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan hüquqları aylığı keçirilir. Aylığın məqsədi insan hüquqları sahəsində ötən dövrdə əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir.
Sonra Mingəçevir Dövlət Universitetinin hüquqşünası Əliosət Ramazanov çıxış edib. Bildirib ki, hüquqi, demokratik və vətəndaş cəmiyyətli dövlət quruculuğunda inamlı və qətiyyətli addımlarını atan müstəqil Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”ndan irəli gələn müddəalar 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın da başlıca qayəsini təşkil etdi.
Əliosət Ramazanov qeyd edib ki, Konstitusiyanın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaratdı. Müxtəlif illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına, vətəndaşların həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəlmişdir.
Yeni Konstitusiyamızın üçdəbir hissəsi insan hüquq və azadlıqlarına, onların təminatına həsr edilib.
Əliosət Ramazanov bildirib ki, Konstitusiyamızın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır.
Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. İstinasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir.
Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.
Əliosət Ramazanov qeyd edib ki, Yeni əsrin ilk illərindən Azərbaycan dövləti tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycan “İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına” qoşuldu. Bu zaman o, öz üzərinə milli qanunvericiliyin beynəlxalq Avropa standartlarına uyğun təkmilləşdirilməsi öhdəliyini götürdü. Bu istiqamətdə atılan addımlardan ən mühümü Ombudsman təsisatının yaradılması idi. 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu.
Əliosət Ramazanov qeyd edib ki, Məlum olduğu kimi, demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 27 dekabr 2011-ci il tarixdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” qəbul olunub. İnsan hüquqları aylığı çərçivəsində “Milli Fəaliyyət Proqramı”nın müddəalarına əsaslanmaqla, ölkəmizin bütün regionlarında dövlət qurumları, QHT və KİV-lər, beynəlxalq təşkilatlar, icmalar tərəfindən insan hüquqlarının effektiv müdafiəsinə yeni mərhələ açan, əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif maarifləndirmə tədbirləri və müzakirələr təşkil olunur.
Əliosət Ramazanov bildirib ki, Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif, o cümlədən həssas qruplarına aid olan şəxslərin – qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının hüquqlarının təmin edilməsində səmərəliliyin artırılması məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunur. Və bu baxımdan yoxsulluğun azaldılması, məşğulluğun təmin olunması, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və digər sahələrdə artıq qəbul olunmuş müvafiq xüsusi dövlət proqramlarının icrasına “Milli Fəaliyyət Proqramı” kontekstindən yanaşılmalıdır.
Əliosət Ramazanov qeyd edib ki, Danılmaz həqiqətdir ki, dövlət orqanlarının səmərəli fəaliyyəti, qarşıda duran vəzifələrin və funksiyaların uğurla yerinə yetirilməsi, ilk növbədə yüksək ixtisaslı, müasir dünyagörüşünə malik, ədalətli, prinsipial və bacarıqlı kadrların sayəsində mümkündür. Dövlət məmurları insan hüquqlarının səmərəli və etibarlı təmin olunması kimi ümumdövlət maraqlarını rəhbər tutmağa borcludurlar.
Sonda fakültə dekanı Nizami Zeynalov, kafedra müdiri, dosent Sahib Mustafayev, dosent Mehman Rəsulov, dosent Qəhrəman Kələşov çıxış ediblər. Natiqlər bildiriblər ki, tam əsasla vurğulaya bilərik ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” Ulu Öndərimiz tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiyanın məntiqi davamı və dövlətin növbəti siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə zəmanət verir.
{phocagallery view=category|categoryid=157|limitstart=0|limitcount=0}