Mingəçevirdə qadınların işgüzar inkişafı təlimləri başa çatıb

  • Post category:Xəbərlər (AZ)

Mingəçevirdə qadınların işgüzar inkişafı təlimləri başa çatıb

 

“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN İnkişaf Modeli – Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) çərçivəsində Mingəçevirdə təşkil olunan işgüzar inkişaf təlimləri başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, layihə çərçivəsində Mingəçevir və ətraf ərazilərdə yaşayan qadın və qızlar üçün turizm sahəsində sahibkarlıq imkanları və karyera üzrə təlimlər keçirilib. Mingəçevir Dövlət Universitetində keçirilən bağlanış mərasimində təlim modullarını uğurla bitirən 150-dən çox iştirakçıya sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov bildirib ki, bu tipli təlimlər tələbələrin işgüzar inkişafında xüsusi əhəmiyyət kəsb edir: “Layihə gənclərimizin və tələbələrimizin sahibkarlıq bacarıqlarının, karyeralarının inkişaf etdirilməsi və əmək bazarında fəaliyyət göstərməsi baxımından çox mühüm hadisə oldu. Təlimlərin nüfuzlu təlimçilər tərəfindən keçirilməsi layihənin önəmini daha da artırdı. Tələbələrin sosial məsuliyyət fəaliyyətində iştirakına Mingəçevir Dövlət Universiteti hər zaman dəstək göstərir”.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli isə regionlarda layihənin keçirilməsinin, həmin ərazilərdə yaşayan qadınların inkişafına verdiyi töhfənin və iştirakçıların aktivliyinin müşahidə edildiyini diqqətə çatdırıb: “Daim qadın və qızlarımıza “ASAN Könüllüləri” olaraq yeni imkanlar yaradılması üçün çalışırıq. Bu platforma da növbəti imkanlardan biridir və əminəm ki, layihə iştirakçı hər bir qadın üçün faydalı olacaq. Mingəçevir Dövlət Universitetinin fəal tələbələrinin bu layihəyə qoşulması onların işgüzar inkişafına mühüm töhfə verəcək. Ümumilikdə, həmin təlimlər region gəncləri arasında sahibkarlıq bacarıqlarının artırılmasında, onların karyera üzrə doğru seçim etməsinə şərait yaradır”.

Bağlanış mərasimində iştirak edən beynəlxalq mütəxəssis İşıl Keskin Şahan çıxışında layihənin əhəmiyyəti və qadınların inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir. Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” layihəsi 2019-2020-ci illər üzrə fəaliyyəti “Turizmdə qadınlar” mövzusu üzrə icra olunur.

Layihə Mingəçevir ilə yanaşı Gəncə, Qəbələ, Quba, Sumqayıt və Şəkini əhatə edəcək. Layihə çərçivəsində həmin ərazilərdə yaşayan qadın və qızlar üçün turizm sahəsində sahibkarlıq imkanları və karyera üzrə təlimlər keçiriləcək. Təlimdən sonra da təlimçilər iştirakçılara mentorluq edəcək, onların ideyalarına dəstək olacaqlar.

Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edirlər.

{phocagallery view=category|categoryid=205|limitstart=0|limitcount=0}