Mingəçevir Dövlət Universitetində “Qüdrətli Azərbaycan ordusu milli müstəqilliyimizin və suverenliyimizin qarantıdır” mövzusunda elmi konfrans keçirilib
2020-ci il 26 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Qüdrətli Azərbaycan ordusu milli müstəqilliyimizin və suverenliyimizin qarantıdır” mövzusunda elmi konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan konfransda MDU-nun professor-müəllim, inzibati-texniki heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Tədbiri açan MDU-nun rektoru Şahin Bayramov 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə MDU kollektivini, tələbələrini və məzunlarını təbrik edib. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərə Allahdan rəhmət diləyən rektor ümummilli lider Heydər Əliyevin hələ sovetlər dönəmində ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirdiyini bildirib. Məhz Ulu Öndərin sayəsində ötən əsrin 70-80-ci illərində Azərbaycanda hərbi liseylərin və məktəblərin yaradılması, gənclərin keçmiş SSRİ-nin aparıcı ali hərbi təhsil müəssisələrinə göndərildiyi diqqətə çatdırılıb. 1993-cü ildə xalqın təkidli tələbə ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev tərəfindən qısa bir müddətdə nizamlı və sistemli ordu yaradılması, silahlı qüvvələrin maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi bildirilib.
Ş.Bayramov hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimizin qüdrətinin davamlı olaraq yüksəlməsini və Azərbaycan əsgərinin dünyanın bir sıra qaynar nöqtələrində sülhməramlı qüvvələrdə iştirak etməsini diqqətə çatdırıb. 2016-cı ilin Aprel döyüşlərinin və 2018-ciilin Naxçıvan əməliyyatlarının Azərbaycan silahlı qüvvələrinin gücünü bütün dünyaya nümayiş etdirməsi bildirilib.
Ali Baş Komandanın cari ilin 25 iyun tarixində Mingəçevir şəhərinə səfəri çərçivəsində keçirdiyi görüşdəki çıxışından gətirilən aşağıdakı sitat konfrans iştirakçıları tərəfindən böyük ruh yüksəkliyi və alqışlarla qarşılanıb: “Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”.
Sonra konfransda məruzələr dinlənilib. MDU-nun Humanitar fənlər kafedrasının əməkdaşlarından İlham Məmmədov “Azərbaycan xalqının şanlı hərb tarixinə ümumi baxış” mövzusunda, Mirzə Cavadov isə “Müstəqil Azərbaycanda ordu quruculuğu: monolit təməl, davamlı inkişaf” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfrans davamlı inkişaf edən və müasirləşən Azərbaycan silahlı qüvvələrinin işğal altında olan torpaqlarımızı azad etməyə tam hazır olmasına əminliyin ifadə olunması ilə yekunlaşıb.
{phocagallery view=category|categoryid=397|limitstart=0|limitcount=0}