Rektor Şahin Bayramovun AzEdu.az təhsil portalına qısa müsahibəsi

  • Post category:Xəbərlər (AZ)

“Emin Əmrullayevlə  bərabər işləmiş şəxs kimi deyə bilərəm ki…” – Rektordan təbrik

AzEdu.az, 28.07.2020

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni Təhsil naziri təyinatını təhsilin növbəti mərhələdə strateji inkişaf hədəflərinin bəyan edilməsi, təhsil sahəsinin prioritet inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və təhsil işçiləri qarşısında qoyulan vəzifələrin bir qədər də dəqiqləşdirilməsi kimi xarakterizə etmək olar”.

 Bunu AzEdu.az-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

 O, Emin Əmrullayevin  nazir təyinatını təhsilimizə göstərilən böyük diqqətin və təhsilin inkişafına verilən yüksək önəmin göstəricilərindən biri kimi dəyərləndirib:

 “Təhsil Nazirliyinin Mərkəzi Aparatında Emin Əmrullayevlə birlikdə işləmiş bir şəxs kimi, bu təyinatı təhsilimizə göstərilən böyük diqqətin və təhsilin inkişafına verilən yüksək önəmin göstəricilərindən biri kimi dəyərləndirə bilərəm.

 Fürsətdən istifadə edərək, yüksək posta təyin olunması münasibətilə Emin müəllimi həm öz adımdan, həm də Mingəçevir Dövlət Universitetinin professor-müəllim və tələbə kollektivi adından təbrik edirəm.

 Emin Əmrullayevi dərin intellektə, innovativ düşüncəyə və yüksək analitik təhlil qabiliyyətinə malik təcrübəli təhsil mütəxəssisi kimi tanıyıram. O, çevik idarəetmə texnologiyalarına yaxından bələd olan və yüksək kommunikasiya bacarıqlarına malik gənc menecerdir.

 Azərbaycan təhsilinin reallıqlarını və spesifikasını yaxşı bilən yeni nazirimiz beynəlxalq təhsil məkanında müşahidə olunan dəyişikliklərin və yeniliklərin qiymətləndirilməsi sahəsində böyük təcrübəyə malikdir.

 Son illər ərzində ölkəmizdə həyata keçirilən kompleks və sistemli təhsil islahatlarının əsas iştirakçılarından biri olmuş Emin Əmrullayevin daim təhsilə çox önəmli bir dəyər kimi yanaşmasını müşahidə etmişəm.

Əminəm ki, yeni nazirimiz təhsilin, təhsilalanların və təhsilverənlərin yaxın dostu olmaqla Azərbaycan təhsilində keyfiyyət dəyişikliklərinin daha da sürətlənməsinə nail olacaq və ölkə başçısı tərəfindən göstərilmiş böyük etimadı layiqincə doğruldacaqdır.