Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 29 oktyabr 2020-ci il tarixli Qərarına əsasən hazırda Mingəçevir Dövlət Universitetində (MDU) tədris prosesi məsafədən təşkil olunub. Universitetdə bakalavriat və magistratura səviyyələri üzrə tədris bütövlükdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq dəstəyi ilə təqdim olunan “Microsoft Teams” platforması üzərindən həyata keçirilir.
Ötən tədris ilinin yaz semestrində qazanılmış təcrübənin təkmilləşdirilməsi məqsədilə, “Microsoft Teams” platformasının davamlı yenilənən alətləri və funksional imkanları barədə MDU-nun professor-müəllim və inzibati-texniki heyət üzvləri, tələbələri və magistrantları üçün çoxsaylı təlimlər təşkil olunub. Bu zaman universitetin birinci kursunda təhsil alan tələbələr xüsusi diqqət mərkəzində saxlanılıb.
Hazırda tədris şöbəsi, dekanlıqlar, kafedralar, digər struktur bölmələr, eləcə də tələbə və müəllimlər arasında çevik kommunikasiyanın qurulması üçün bütün mümkün online resurslardan istifadə olunur. “Microsoft Teams”, elektron poçt və sosial şəbəkələr MDU-da daha çox istifadə olunan online kommunikasiya alətləridir.
Məlum səbəblərdən ölkəmizdə tətbiq edilən internet məhdudiyyətlərinin aradan qaldırılması ilə tələbələrin online dərslərdə iştirakçılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. İlkin təhlillər göstərir ki, hazırda MDU-da müəllimlərin 95-100%-I, tələbələrin isə 75-80%-i məsafədən təhsilə cəlb olunub.
Müvafiq fənlər üzrə mühazirə mətnləri, təqdimatlar, eləcə də dərslik və dərs vəsaitləri elektron formatda bütün tələbələrə çatdırılıb. Bundan başqa, MDU-nun professor-müəllim heyəti tərəfindən hazırlanan videodərslər tələbələr üçün zəngin elektron resurs hesab olunur. Bu vaxta qədər ümumilkdə 1000-dən artıq videodərs çəkilib və tələbələrin ixtiyarına verilib.
Eyni zamanda, mövcud reallıqlar və həssas nüanslar nəzərə alınmaqla, cari semestrdə tələbələrin cari və aralıq qiymətləndirilməsinin güzəştli şərtlər əsasında həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə, Elmi Şuranın müvafiq qərarı ilə “MDU-da 2020/2021-ci tədris ilinin payız semestrində tələbələrin biliyinin qiymətləndirilməsi və imtahan sessiyasının təşkili Qaydaları” qəbul edilib. Bu Qaydalarda nəzərdə tutulan çoxsaylı güzəştlərdən fənn üzrə yalnız bir sərbəst iş yazmaqla 10 bal qazanılması imkanının yaradılmasını, 30 balla qiymətləndirilən sadələşdirilmiş bir kollokvium üçün nəzərdə tutulan 30 sualın qısaldılmış formada hazırlanan cavablarının tələbələrə əvvəlcədən təqdim olunmasını, eyni mexanizmin imtahan üçün nəzərdə tutulan 50 suala da aid edilməsini, ehtiyac duyulan fənlər üzrə əlavə dərslərin təşkilini və zərurət yaranarsa yanvar ayında icmal mühazirələrin təşkilini misal göstərmək olar. Qeyd edək ki, sözügedən Qaydaların hazırlanması üzrə müzakirələrdə tələbə və müəllim heyətinin iştirakı təmin olunub, onların irəli sürdükləri rəy və təkliflər əsasən nəzərə alınıb.
Məsafədən təhsilin yaratdığı bir sıra məhdudiyyətlərə baxmayaraq, MDU kollektivi cari semestrdə tədris prosesinin lazımi şəkildə təşkili üçün tam səfərbər olunub.