Böyük Tarixi Zəfər və Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsində investisiya cəlbediciliyinin prioritet istiqamətləri

  • Post category:Xəbərlər (AZ)

Böyük Tarixi Zəfər və Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsində investisiya cəlbediciliyinin prioritet istiqamətləri

  

       Prezident İlham Əliyev: “Qarabağ ölkəmizin ən gözəl və bərəkətli regionlarından biridir. Regionun bərpası ilə bağlı bizi çox işlər gözləyir.”

     Azərbaycan öz tarixinin mühüm dövrünü yaşayır. 30 ilə yaxın davam edən Ermənistan işğalına son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu möhtəşəm tarix yazaraq 44 günlük Vətən müharibəsində düşməni darmadağın etdi. Ordumuzun tarixi qələbəsini fərəhlə, qürurla, böyük iftixarla səsləndiririk. Xalqımızın yenilməz ruhu, qüdrətli Sərkərdəsi və məğlubedilməz Ordusu ilə Azərbaycanın müstəqilliyi, suverenliyi və sərhədlərinin bütövlüyü uğrunda verdiyi Şəhidlərin qanıyla suvarılmış torpaqlarımızda Xeyirin Şər üzərində qələbəsi, ədalətin qalib gəlməsi, sonunda Böyük Zəfər hər birimizdə iftixar hissi doğurur. Böyük tarixi Zəfəri bizlərə yaşadan, gənc yaşlarında şəhidliyi və qaziliyi seçən igid Oğullarımızın hamısı hər birimizə eyni dərəcədə əziz və yaxındılar. Vətən uğrunda canlarından keçən Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirik. Artıq işğaldan azad olunmuş torpaqlarımızda Xarıbülbül yenidən göyərməyə başlayır.   Prezident İlham Əliyev: “Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə baxmalıyıq və əraziləri, tam viran qalmış ərazini yenidən qurmalıyıq və biz bunu edəcəyik, artıq bu işlərə başlanılıb”. Xalqın inamını və etibarını, sevgisini qazanmış Prezident İlham Əliyevin ölkə vətəndaşları üçün etdiyi hər bir jest, atdığı hər addım, göstərdiyi qayğı, həmçinin qalib Ölkənin qalib Ali Baş Komandanı kimi bütün dünya ölkələri üçün nümunə olaraq qəbul edilir, dünya liderləri arasında cənab Prezidentin nüfuzu daha da artmışdır.

     İndi tariximizin yeni səhifəsidir. Cənab Prezident dünya mətbuat tarixinə qızıl hərflərlə düşən 4 saatdan çox çəkən 4 dildə keçirdiyi mətbuat konfransında bütövlükdə regionun gələcəyi ilə bağlı bir sıra mühüm mesajlar verərək, ölkəmizin siyasi kursunun mahiyyətini açıqlamaqla bildirdi ki, Azərbaycan daim sülhün və əmin-əmanlığın tərəfində olmuşdur, lakin torpaqlarımızın hərbi yolla azad edilməsi tarixi prosesin davamı olaraq zəruri bir tədbir idi və Azərbaycan Qafqazın siyasi və iqtisadi inkişafının tərəfdarıdır. Hər bir dövlət öz resurslarına əsasən strateji inkişaf xətti seçməlidir. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində xalqımız yumruq kimi birləşib, həmin yumruğu düşmənin başına endirmişdir. Vətən müharibəsində Azərbaycan, ictimai həmrəyliyin zirvəsini nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində iki qardaş dövlət olan Azərbaycan Türkiyənin daha möhkəm strateji tərəfdaşlığı, Azərbaycanı mənəvi olaraq daim dəstəkləyən qardaş Türkiyə ilə yanaşı, İsrail, Pakistanın strateji tərəfdaşlığı, İtaliya, Macarıstan, Ukrayna, Əfqanıstanın Azərbaycanı dəstəkləməsini açıq bəyan etməsi, həmçinin əvvəllər neytral qalan dövlətlərin də Azərbaycanı dəstəkləməsi, zidd yanaşmada olan dövlətlərin neytrallaşdırılması ölkə rəhbərinin apardığı uğurlu xarici siyasətin bariz nümunəsidir.

   Prezident İlham Əliyev: “Azərbaycan müasirləşir, yeniləşir, hər bir yerdə, hər bir bölgədə və hər bir sahədə çox böyük quruculuq, abadlıq işləri aparılır”. Bildiyimiz kimi önümüzdəki 4 ildə Azərbaycanın sosial-iqtisadi siyasətinin 6 əsas hədəfi müəyyən edilmişdir ki, bunlar makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadi davamlılığın və iqtisadiyyatda şəffaflığın artırılması, milli iqtisadiyyatın və ixracatın rəqabət qabiliyyətinin artırılması, dövlət müəssisələrinin səmərəliliyi, özəl investisiyaların genişləndirilməsi və prioritet sahələrin inkişaf etdirilməsi, milli yenilik ekosisteminin və insan kapitalının inkişafının sürətləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası, pandemiya dövründə və pandemiyadan sonrakı dövrdə xalqın sağlamlığının qorunması, sosial müdafiə və sosial təminatın gücləndirilməsi, ekoloji tarazlığın qorunması, resurslardan səmərəli istifadə kimi mühüm məsələlərdir.

   Ölkə Prezidenti öz çıxışında bildirmişdi ki, ölkəmizin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın və Azərbaycan xalqı təhlükəsiz şəraitdə öz dədə- baba torpağında yaşasın. Dayanıqlı inkişafın təmin edilməsi istiqamətində ölkəmizdə əhəmiyyətli islahatlar aparılır. Sağlam düşüncəli, bacarıqlı gənc kadrların önə çəkilməsinə şərait yaradılır. Ölkə rəhbərinin çıxışından irəli gələn müəyyən məqamlar onu deməyə əsas verir ki, biz Cənubi Qafqazda sağlam mühitin dərinləşməsi üçün çalışacağıq, daxili siyasətdə xalq- iqtidar birliyi dərinləşən islahatlarla möhkəmlənir, xarici siyasətdə isə strateji müttəfiqlərin düzgün seçilməsi, tərəfdaşlarla da milli maraqlarımıza uyğun siyasətin müəyyənləşdirilməsi bizi dünyanın aparıcı dövləti sırasında öz mövqeyimizdə sabit edəcəkdir.

   Bildiyimiz kimi, torpaqlarımızın işğaldan azad edilməsi hədsiz sevinc bəxş etsə də, gördüyümüz mənzərə ürək ağrısı gətirdi. Qarabağımızın füsünkar təbiəti talan edilmiş, mədəni, tarixi abidələrimiz dağıdılmışdır. Ermənistan dövləti öz düşmənçiliyini bir daha biruzə verərək minalanmış ərazilərin xəritəsini verməmişdir, bu görüləcək işlərdə müəyyən çətinliklər, ləngimələr yaradır. İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işləri aparılır, Qarabağ və digər işğaldan azad edilmiş ərazilərlə bağlı prioritet vəzifələr müəyyənləşdirilmişdir. Bu, abadlıq- quruculuq işləri ilə bölgənin imicini özünə qaytarmaq üçün ilk növbədə infrastruktur layihələr və yol çəkilişini ön plana çəkdi. Yol mədəniyyətdir, inkişafın başlanğıcıdır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə çəkilən yolların birinin “Qələbə” yolu adlandırılması, məhz Şuşanın azad olunduğu günün qələbəmizin tarixi kimi müəyyənləşdirilməsi ilə bağlıdır. Ümumilikdə abadlıq-quruculuq işləri düşünülmüş, bu işlərin planlı şəkildə aparılması üçün layihələrə beynəlxalq təcrübəsi olan şirkətlər cəlb olunmuşdur. Nəzərdə tutulmuşdur ki, görülən işlər ərazinin coğrafi mövqeyinə uyğun olmalı, tarixi və mədəni irsimiz qorunmalıdır. Böyük zaman tələb edən bu işlərin keyfiyyətli icrası üçün bütün güclər səfərbər olunmuşdur. Bölgənin abadlaşdırılması, quruculuq işlərinin həcmi ölkəmizin iqtisadi gücünü bir daha nümayiş etdirəcək. Görülən işlərin olduqca böyük ərazilər əhatə etməsi layihələrdə hər bir kəsin iştirakına imkanlar açır. Həmçinin yeni infrastruktur layihələr sayəsində Avrasiyaya yeni nəqliyyat damarının açılması Azərbaycanın tranzit ölkə kimi nüfuzunu qaldıracaq. Böyük maliyyə tələb edən irimiqyaslı layihələrdə iştirak etmək istəyən ölkələrin və şirkətlərin sayının çoxluğu Azərbaycana olan etimadın, etibarın nəticəsidir. Azərbaycan hər bir zaman beynəlxalq layihələrin icrasında özünü etibarlı tərəfdaş kimi tanıtmışdır.

   Qarabağ bölgəsinin iqtisadi potensialı müəyənləşdirilərkən, qeyd etmək yerində olardı ki, münbit torpaqlara malik ərazilərdə kənd təsərrüfatının – maldarlığın, əkinçiliyin inkişafı üçün əlverişli şərait vardır. Görüləcək işlərin sürətinin artırılması və şəraitin yaxşılaşdırılması üçün beynəlxalq miqyaslı bir neçə aeroportun tikilməsi, ilkin icra olunacaq layihələrdəndir. Hər bir rayonun coğrafi mövqeyinə uyğun işlərin görülməsi nəzərdə tutulmuşdur. İlkin olaraq layihələrin icrası üçün təyin olunan investisiyalara uyğun artıq bir çox beynəlxalq şirkətlərlə müqavilələrin bağlanması bölgəyə və bu bölgədə görüləcək işlərə olan marağın böyüklüyündən irəli gəlir. Beynəlxalq təcrübədən istifadə edilərək bölgədə ilk dəfə olaraq eksperimental layihələrin icrası həyata keçiriləcək. “Yaşıl enerji” zonası, “Ağıllı kənd” pilot layihəsi bu layihələr sırasındadır.

   Görüləcək işlərin Baş Planının hazırlanması və bir sıra infrastruktur layihələrin icrasına başlanması artıq arzularımızın tezliklə reallaşdırılacağından xəbər verir. Görülən işlər zamanı müasir texnologiyalardan istifadə olunması görüləcək işlərin, həyata keçiriləcək layihələrin həcminin və keyfiyyətinin yüksək olacağını sübut edir.

     İşğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı və təbii ehtiyatları var: bu ərazilər həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından dövlət siyasətinin bir parçası olacaq. 2016-cı il aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi qısa müddətdə yenidən qurulmuşdur. Bu baxımdan qeyd etməliyik ki, işğaldan azad edilən torpaqların az müddətdə inkişafının uğurlu təcrübələri vardır. Azad edilən rayonlar işğaldan əvvəl üzümçülük, pambıqçılıq, taxılçılıq, heyvandarlıq sahəsində xüsusi paya malik idi. Bu ərazilərin aqrar istehsal və ixrac potensialı kifayət qədər böyükdür. Şuşa, Füzuli, Kəlbəcər və Zəngilan əraziləri böyük turizm potensialına malikdir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası Füzuli rayonu ərazisində yerləşir. Bu rayonlarda daxili və xarici turizm imkanları kifayət qədər böyükdür. İsti su mənbələri ilə zəngin Kəlbəcərdə sağlamlıq turizminin inkişaf etdirilməsi, mədəniyyət turizm marşrutlarının bərpa olunması ptioritet istiqamətdir.

     Prezident İlham Əliyev: “Biz böyük layihə olan Cənub Qaz Dəhlizini tamamlamağa çox şadıq. BP əvvəldən strateji tərəfdaşımızdır, Azərbaycanda həyata keçirilən əsas layihələrdə investor qismində çıxış edib. İşğaldan azad edilmiş ərazilərdə böyük potensialımız var. Britaniya şirkətləri buna maraq göstərir. Regionun çox yaxşı günəş, külək, su potensialı var.” Qarabağın inkişafı ilə bağlı, həmçinin alternativ enerji mənbəyinə çevrilməsi prioritet məsələlər sırasındadır. Hələ müharibədən əvvəl Azərbaycan bərpa olunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirmişlər. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürmüşdür. Yaxın vaxtlarda Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” adlı iki su elektrik stansiyasının inşa edilməsi planlaşdırılıb və bununla işğaldan azad edilən ərazilərin elektrik enerjisi ilə fasiləsiz təminatına imkan yaranacaqdır. Yerli enerji tələbatının ödənilməsi və ölkənin enerji ixrac potensialının artması baxımından hər iki stansiyanın əhəmiyyətli yeri olacağına ümid edirik. Məhz azad edilmiş ərazilərdə yaxşı imkanlar mövcuddur. Kəlbəcər- Laçın zonasında külək stansiyaları yaradılması nəzərdə tutulub, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları nəzərdə tutulub, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir. Ölkə rəhbəri tərəfindən Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilmişdir. Cənab Prezident işğaldan azad edilmiş əraziləri “Yaşıl enerji” zonası elan etdiyini və bunun üçün, ilk növbədə, bərpa və quruculuq işərində investorlar gözlədiyini vurğulayıb.

   Təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi investisiyaların qoyuluşu baxımından böyük perspektiv vəd edir. Son illərdə Azərbaycanın qeyri- neft ixracında qızıl mühüm yer tutur. Həm dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi, həm də bu sahədəki şirkətlərin müasir istehsal texnologiyalarına sahib olması onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə qızıl yataqlarının istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcəkdir.

     Cənab Prezident Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidentini videoformatda qəbul edərkən gələcək planlar barədə fikirlərini bildirməklə, bankın iqtisadiyyatımızın şaxələnməsində Azərbaycanı dəstəklədiyinə görə, ölkəmizin enerji layihələrinə, xüsusilə Cənub Qaz Dəhlizinə bir milyard avro dəyərində TAP- a verdiyi dəstəyini vurğulamaqla minnətdarlığını bildirərək həmçinin qeyd etdi ki, Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilən 13 infrastruktur layihədən12-si uğurla tamamlanıb. Sonuncusu tamamlamaq prosesindədir. Pandemiyaya baxmayaraq qeyri-enerji sənaye istehsalında artım var. Ölkəmizdə neft satışından toplanan vəsait hesabına özəl sektor, qeyri- neft sənayesi dəstəklənmişdir, inkişaf etmişdir. Hazırda əsas məqsədimiz işğaldan azad edilən ərazilərin bərpasıdır. Bir milyondan çox keçmiş məcburi köçkün üçün layiqli həyat şəraiti təmin etmək məqsədilə 10 min kvadrat km olan böyük bir ərazinin yenidən qurulması prioritet istiqamətdir. Azərbaycanda hava limanı, avtomagistrallar tikilir, dəmiryolu xəttləri inşa edilir. İlin sonunadək Qarabağ ərazisinin yüz faiz enerji təchizatı təmin ediləcək. Həmçinin cənab Prezident işğaldan azad edilmiş əraziləri “Yaşıl enerji” zonası kimi elan etdiyini, azad edilmiş zonalarda bərpa olunan enerji mənbələri baxımından böyük potensial olduğundan həmin ərazilərdə bu resurslardan istifadə ediləcəyini bildirib. Həmçinin Prezident İlham Əliyev Azərbaycan və regionun inkişafında yeni era başladığını, regional əməkdaşlıq üçün yeni imkanların açıldığını, Azərbaycanın əməkdaşlığa, qonşularımızla dürüst şəkildə işləməyə hazır olduğumuzu qeyd edib.

     Azərbaycanın ümumi daxili məhsulunda aqrar və turizm sektorunun payı da var. Hər iki sektor məşğulluğa kifayət qədər təsir göstərən sahələrdir. Bu baxımdan əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində böyük perspektiv yaranır. Geniş miqyaslı bərpa fəaliyyətləri və yeni infrastrukturun qurulması tikinti sektorunun inkişafında yeni üfüqlər, imkanlar açır. Yerli investorların işğaldan azad olunan torpaqlara sərmayə yatırıb , onun inkişafına çalışmaqla öz töhfələrini vermək üçün də real şərait yaranmışdır. Bu istiqamətdə, hər bir kəs bacardığı töhfəni verməklə bölgənin imicinin qaytarılmasında və inkişafında öz mövqeyini nümayiş etdirməsi arzu olunur.

   İşğaldan azad olunmuş torpaqlarımızın bərpa prosesində innovativ texnologiyaların tətbiqi müəyyənləşdirilmişdir. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməklə həmin ərazilərin tez bir zamanda çiçəklənib, dirçəlib, inkişaf edəcəyinə əminik. Az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar. Əminik ki, qüdrətli liderimiz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan daha da qüdrətlənəcək, “Qarabağ dünyanın Cənnət məkanına çevriləcək”.

Ruhiyyə Hüseynova

Mingəçevir Dövlət Universiteti

Sənayenin təşkili və idarəetmə kafedrasının

baş müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru