Naxçıvan Muxtar Respublikası iqtisadi artımın templərinə görə fərqlənir.
2003-cü ildə xalqın etimadını qazanaraq Prezident seçildikdən sonra İlham Əliyev ilk olaraq regionların sosial iqtisadi inkişafı Dövlət Proqramını ilə bağlı fərman imzalayıb. Ardıcıl olaraq Dövlət Proqramının bir neçə mərhələsi ölkəmizin bütün regionlarında uğurla həyata keçirilmiş, dövlətimizin başçısı bölgələrə səfərlər etməklə görülən işlərə bilavasitə rəhbərlik və tanışlıq etmişdir. Prezident İlham Əliyev ötən illər ərzində Naxçıvan Muxtar Respublikasına 15 dəfə səfər edib. Bu səfərlər sadəcə bir dövlət başçısının yerlərdə vəziyyətlə tanışlıq məqsədi güdən protokol səfəri xarakterində olmayıb, hər biri taleyüklü problemlərin həllinə xidmət edib, regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilib. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir.
Naxçıvan Muxtar Respublikasına səfəri zamanı cənab Prezident Azərbaycan Televiziyasına verdiyi müsahibədə qeyd edib ki, Naxçıvan sürətlə inkişaf edir. Ordubad şəhərində içməli su və kanalizasiya layihəsi istifadəyə verilib. Qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir.
Naxçıvanda bir sıra quruculuq işləri həyata keçirilib. Hazırda “ASAN xidmət” Mərkəzinin tikintisi davam edir. Bu da ictimai xidmətlər sahəsində çox önəmli bir təsisatdır və ölkəmizdə hazırda 7 mərkəz tikilir. Onlar istifadəyə veriləndən sonra “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq. Ölkəmizdə həmçinin DOST mərkəzləri yaradılır ki, bu da sosial təminat və pensiya təminatı sahələrində növbəti uğurlu addım hesab oluna bilər.
Naxçıvanın hərbi potensialının artırılması da diqqət mərkəzindədir. Hərbi aerodromun və hərbi hospitalın açılışı Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunması işinin təşkilində əlamətdar hadisədir. Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir.
Son illər ərzində Naxçıvanda bütün hərbi hissələr yenidən qurulub və bir çox yeni hissələr yaradılmışdır. Bundan başqa Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır. Ermənistanın “ikinci cəbhə” açmaq həvəsini içindəcə boğmağa məcbur etmiş bu Ordu tam NATO (türk ordusu) standarlarına keçmiş xüsusi statuslu hərbi vahiddir. Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan yüksək səviyyədə müdafiə olunacaqdır. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Günnüt əməliyyatı Naxçıvan Ordusunun əsl potensialını göstərdi. Ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Burada olan hərbi texnika bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur.
Uzun illər ölkəmizin, xalqımızın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi həll olunub. Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd Ermənistanın kapitulyasiya aktıdır. 44 günlük müharibə dövründə düşmən həm yanlış yolda olduğunu analadı, həm də öz zəifliyini etiraf etdi. Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən erməni hərbçiləriinin geri durmaqdan başqa çarəsi yox idi. Azərbaycanın qəhrəman əsgərlərinin şücaəti sayəsində yurdumuzun ərazi bütövlüyü təmin olundu, ədalət bərpa edildi. Bu gün bəziləri fikirləri çaşdırmaq istəyirlər. Düşmən yerində oturmalıdır. Çünki illər uzunu işğal altında saxladıqları ərazilər Azərbaycanın əzəli torpaqlarıdır və heç bir dövlət, qurum bunu dəyişə bilməz. Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Azərbaycanın gücü də var, iradəsi də var, cəsarəti də var.
Prezidentimiz bildirib ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir və bu dəhliz mütləq açılacaqdır. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Horadiz-Ağbənd dəmir yolunun təməl daşı artıq qoyulub. Ordubaddan Ermənistan sərhədinə qədər çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq;
Ölkəmizin milli maraqları toxunulmazdır. Kanadanın Xarici İşlər Nazirliyi, Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın daxili işləri ilə bağlı ədalətsiz bəyanat verirlər. Azərbaycan 2020-ci il noyabrın 10-na qədərki dövlət deyil, heç bir dövlət Azərbaycana tövsiyələr verə bilməz. Çünki Azərbaycanın qətiyyətli və cəsarətli, böyük müharibədə zəfər qazanan Milli Ordusu və Ali Baş Komandanı var. Dövlətimiz əsrin zəfərini qazanmaqla dünya dövlətlərinə gücümüzü göstərdi. Yurdumuzun inkişafı və tərəqqisi bundan sonra daha da çoxalacaq, hər bir bölgəmiz gülüstana çevriləcək.
Qeyd etmək yerinə düşər ki, Ulu Öndər Heydər Əliyev nəinki Azərbaycan hüdudları çərçivəsində, dünya miqyasında böyük hörmət qazanmış və müstəsna xidmətləri olmuş şəxsiyyətdir. O, həyatda nə əldə edibsə öz biliyi, bacarığı, zəkası və fədakarlığı nəticəsində əldə edib və bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət edib. 1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Ulu Öndərin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur.
Biz Mingəçevir ictimaiyyəti, ziyalıları Vətən müharibəsində qazanılan Zəfərin təntənəsini hələ də yaşayırıq. Bu günlərdə bayram ediyimiz Xaqı Bülbül festivalının gələcək illərdə digər azad olunan torpaqlarımızda da böyük təntənə ilə keçiriləcəyinə əminik və fəaliyyəti istiqamətində dövlətimizin başçısına uğurlaq arzulayır, hər zaman sizinləyik, cənab Prezident, deyirik.
Nazim Niftəliyev,
MDU-nun baş müəllimi