Təhsil və sənaye arasında üçtərəfli əməkdaşlıq formatı yaradılıb
2021-ci ilin 10 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Peşə Məktəbi və “Azmade Group” MMC şirkətinin nümayəndələri arasında görüş keçirilib.
Qonaqları səmimi salamlayan “Azmade Group” MMC şirkətinin direktoru Emin Bağırov təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını bildirib. Təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verən E.Bağırov mövcud istehsal müəssisələrinin müxtəlif profillər üzrə kadr ehtiyaclarının təmin olunması xüsusiyyətlərindən danışıb. Ölkəmizin dördüncü ən böyük sənaye şəhərində yerləşən təhsil müəssisələri ilə qurulan əməkdaşlığın əhəmiyyətini diqqətə çatdıran E.Bağırov qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsinə hazır olduqlarını deyib.
“Azmade Group” MMC şirkətinin rəhbərliyi ilə görüşməkdən məmnunluğunu bildirən MDU-nun rektoru Şahin Bayramov insan kapitalı inkişafının təmin olunmasına əsaslanan uğurlu təhsil siyasətindən və Qarabağın dirçəldilməsi sahəsində həyata keçirilən sistemli tədbirlərin yaratdığı yeni imkanlardan danışıb. Təmsil etdiyi universitetin strateji hədəflərindən bəhs edən rektor regionda innovativ ekosistemin formalaşdırılması baxımından universitet, peşə məktəbi və sənaye əməkdaşlığının zəruri olduğunu bildirib. MDU-da həyata keçirilən kadr hazırlığı istiqamətləri, universitetin modernləşdirilməsi istiqamətində reallaşdırılan islahatlar barədə ətraflı məlumat verən Ş.Bayramov əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun mütəxəssis yetişdirilməsi sahəsində qarşılaşdıqları yeni çağırışları qeyd edib. Tələbələrdə sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinin və onların startap fəaliyyətlərinə fəal cəlb olunmasının vacibliyini vurğulayan rektor “Azmade Group” MMC ilə üçtərəfli formatda yaradılan əməkdaşlıqdan potensial gözləntilərini diqqətə çatdırıb.
Görüşün təşkilinə görə təşəkkürünü bildirən Mingəçevir Peşə Məktəbinin direktoru İlham İlyasov 2016-cı ildən başlayaraq ölkəmizdə peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və peşə təhsili sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi ilə meydana çıxan yeni imkanlardan danışan İ.İlyasov Mingəçevir Peşə Məktəbi və Bərdə Peşə Liseyində mövcud olan ixtisaslar barədə ətraflı məlumat verib. Subbakalavr hazırlığı imkanlarından danışan İ.İlyasov üçtərəfli əməkdaşlığın təmsil etdiyi peşə təhsili müəssisələrinin potensialının gücləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüş çərçivəsində MDU, Mingəçevir Peşə Məktəbi və “Azmade Group” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum qarşılıqlı maraq kəsb edən məsələlər üzrə ortaq layihələrin reallaşdırılmasını və üçtərəfli formatda digər birgə fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, regional ekosistemin mühüm aktorlarına çevrilməyi hədəfləyən sözügedən təhsil müəssisələrində sənaye ilə işbirliyinin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və nəticəyönümlü tədqiqatların səmərəliliyinin artırılması üçün müxtəlif formatlı əməkdaşlıqların yaradılması diqqət mərkəzində saxlanılır.
{phocagallery view=category|categoryid=627|limitstart=0|limitcount=0}