Mingəçevir Dövlət Universitetində “Yay Təcrübə Proqramı”na start verilir
2021-ci ilin 27 iyul tarixində Mingəçevir Dövlət Universitetində (MDU) üçtərəfli təhsil və sənaye əməkdaşlığı formatı çərçivəsində tərəfdaş “Azmade Group” MMC şirkətinə daxil olan Zəyəm Texnologiyalar Parkında (ZTP) reallaşdırılacaq “Yay Təcrübə Proqramı”nda iştirak hüququ qazanmış universitetin və Mingəçevir Peşə Məktəbinin (MPM) tələbələri ilə görüş keçirilib.
Görüşdə MDU-nun rektoru Şahin Bayramov, MPM-in direktoru İlham İlyasov və hər iki təhsil müəssisəsinin bir qrup əməkdaşı iştirak edib.
Seçim mərhələsindən uğurla keçərək yay təcrübə proqramına qoşulmaq imkanı əldə edən bütün tələbələri təbrik edən rektor Ş.Bayramov gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Tələbələrin karyera inkişafı və əmək bazarının müasir tələblərinə uyğun kadr kimi yetişmələri baxımından təcrübə proqramının önəmini diqqətə çatdıran rektor “Azmade Group” MMC və ZTP rəhbərliyinə təşəkkür edib, MDU-nun akademik, inzibati və tələbə heyəti üzvlərini universitet, peşə məktəbi və sənaye arasında mövcud olan üçtərəfli işbirliyi formatının yaratdığı əlverişli imkanlardan maksimum faydalanmağa çağırıb.
Tərəfdaş universitetin kollektiv üzvləri ilə bir arada olmaqdan məmnunluğunu ifadə edən MPM-nin direktoru İ.İlyasov praktiki hazırlığa daha çox önəmin verildiyi peşə məktəbləri üçün bu tip təcrübə proqramlarının üstünlüklərindən danışıb.
Üçtərəfli əməkdaşlıq formatında planlaşdırılmış ilk proqramın uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edən İ.İlyasov yay təcrübəsinin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib və təcrübə iştirakçılarına uğurlar arzulayıb.
Sonra, təcrübə proqramına qoşulacaq tələbələr yaradılan şəraitə görə təşəkkürlərini çatdırıb və onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər.
Qeyd edək ki, “Yay Təcrübə Proqramı” 10 iyun 2021-ci il tarixində MDU, MPM və “Azmade Group” MMC şirkəti arasında imzalanmış üçtərəfli təhsil və sənaye əməkdaşlığına dair Anlaşma Memorandumu çərçivəsində təşkil edilib. Cari ilin avqust ayı ərzində ZTP-də reallaşdırılacaq təcrübə proqramında MDU-nun 5 və MPM-in 2 tələbəsi iştirak etmək hüququ qazanıb. MDU və MPM-in tarixində ilk dəfə baş tutacaq bir aylıq təcrübə müddətində tələbələr ZTP tərəfindən bütün lazımi şəraitlə (yaşayış və qidalanma) təmin olunacaq, onlara müvafiq qaydada əməkhaqqı ödəniləcək.
{phocagallery view=category|categoryid=659|limitstart=0|limitcount=0}