Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var.
Şuşa Qarabağın tacıdır
2021-ci il 30 avqust tarixində Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirilməsi ölkənin həyatında əlamətdar hadisə kimi qeyd olunmalıdı.
Ulu Öndərin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır.
39 il əvvəl Şuşada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı. Erməni vandalizminin nəticəsində dağıdılmış məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü. Vaqif Poeziya Günləri də bərpa edildi, “Xarıbülbül” festivalı da bərpa edildi. Bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik.
Zəfər yolu artıq inkişafın və azad olunmuş torpaqlara həyatın qaytarılmasının rəmzinə çevrilib. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Şuşaya suyun verilməsi bərpa olundu. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Natəvan bulağı bərpa edildi, indi su gəlir. “Xarıbülbül” hoteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi.
Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi.
Şuşada yeni beşulduzlu hotel inşa olunacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” hotellərində 150 otaq mövcuddur, 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Mənfur düşmən “Dağlıq Qarabağ Respublikası”nın qondarma parlamenti üçün bina inşa etmək istədiyi yerdə beşulduzlu hotel inşa olunacaqdır. Yeni yaşayış kompleksinin təməli qoyuldu.
Şuşanın təməlini 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözlədi.
44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir və bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik.
Şuşanın baş planı əsasında birinci mərhələdə 25 yaşayış binasının inşası nəzərdə tutulur – üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar. Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir.
Dözüm, səbir, ədalətə inam Azərbaycan xalqını Qələbəyə gətirdi. Şuşa artıq azaddır. Biz azad Şuşada həyatı dirçəldirik. Şuşada festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir.
Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı.
Şuşanın strateji əhəmiyyəti bizim üçün itirilmiş oldu və düşmən bundan istifadə edərək, bir neçə gün sonra – 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondan bir il sonra – 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi və beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Bizim məğlubiyyətimizin qaçılmaz olması göz qabağında idi, nəzərə alsaq ki, o vaxt Azərbaycanda hərc-mərclik dövrü idi, nizami ordu yox idi, vətəndaş qarşıdurması baş vermişdi. Ancaq biz Azərbaycan xalqı olaraq heç vaxt bu işğalla barışmaq fikrində deyildik. Bu gün Şuşa artıq azaddır, bu, həqiqətdir.
Ölkə başçımızın qətiyyətli və əzmkar daxili və xarici siyasəti nəticəsində ölkəmiz bugün postmüharibə dövründə uğurla inkişaf edir. İşğaldan azad olunan bölgələrimizin sürətlə yenidən qurulması və əvvəlkindən gözəl vəziyyətdə inkişafı bizləri sevindirir. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət hələ bundan sonra da ölkəmizi daha böyük uğurlar aparacaq. Qarabağımız sözün əsl mənasında cənnətə çevriləcək biz buna inanırıq və hərzaman ölkə başçımızın yanındayıq.
Yaşasın Güclü Azərbaycanın güclü lideri.
Namaz Manaflı,
Filologiya elmləri üzrə fəlsəfə doktoru