Mingəçevir Dövlət Universitetində İctimai Nəzarət Şurasının növbəti iclası keçirilib
2021-ci ilin 6 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İctimai Nəzarət Şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov yeni tədris ilinin başlanması münasibəti ilə Şura üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində uzun fasilədən sonra ənənəvi təhsilin bərpa olunduğunu bildirən rektor MDU-da tədris və təlim-tərbiyə prosesinin mövcud qaydalara əsasən təşkil edildiyini və yeni tədris ilinə uğurla start verildiyini diqqətə çatdırıb.
Universitetin müasirləşməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verən rektor MDU-nun potensialının gücləndirilməsi məqsədilə yerli və xarici ölkələrin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlığın, beynəlxalq proqram və layihələrdə iştirakın mövcud vəziyyətindən və gözlənilən nəticələrindən bəhs edib.
Universitetdə yaxın günlərdə çapdan çıxmış “Dayanıqlı inkişaf” adlı multidisiplinar elmi jurnalın birinci buraxılışını iclas iştirakçılarına təqdim edən Ş.Bayramov MDU-nun otuz illik fəaliyyəti tarixində ilk dəfə olaraq belə bir elmi nəşrin təsis edilməsini önəmli hadisə kimi dəyərləndirib. Ölkənin və regionun inkişafına töhfə verən nəticəyönümlü və səmərəli elmi tədqiqatların aparılmasının universitetin başlıca məqsədlərindən biri olduğunu vurğulayan rektor sözügedən jurnalın MDU-nun elmi potensialının inkişafına mümkün müsbət təsirlərindən və tədqiqat universitetinə çevrilmək perspektivlərindən danışıb.
COVID-19 pandemiyasının davam etdiyi bir şəraitdə ənənəvi tədrisə qayıtmaqla əlaqədar olaraq MDU-nun kollektiv üzvlərinin sağlamlıqlarına, ölkəmizdə olan sanitar-epidemioloji vəziyyətə və vaksinasiyaya daha həssas yanaşmalarının vacibliyini qeyd edən Ş.Bayramov universitet əməkdaşlarının 92 faizinin peyvənd olunmasından, tələbələrin bu prosesə aktiv qoşulmasından, eləcə də onların müvafiq təbliğati və maarifləndirici tədbirlərdə yüksək fəallıq göstərməsindən məmnunluğunu ifadə edib.
Cari tədris ilində universitetə qəbul olan tələbələrin sayında rekord həddin – 30 faizlik artımın qeydə alındığını bildirən rektor bu göstəricini son dövrdə MDU-nun imicinin yüksəldilməsi və cəlbediciliyinin artırılması istiqamətində atılan addımların ilkin nəticəsi kimi qiymətləndirib, bununla bağlı qarşıda dayanan vəzifələri diqqətə çatdırıb.
Hazırda dövlətin hərtərəfli dəstəyi ilə universitetin müasir tələblərə cavab verən yeni kampusunun yaradılması istiqamətində müvafiq işlərin uğurla davam etdiyini vurğulayan Ş.Bayramov yaxın gələcəkdə MDU-nun mövcud infrastrukturunun genişlənməsi və modernləşməsi imkanlarından danışıb, buna paralel olaraq kadr potensialının yenilənməsi və hərtərəfli inkişafı məqsədilə cari tədris ilində görüləcək işlərdən söhbət açıb.
Sonra, iclasda cıxış edən MDU-nun İctimai Nəzarət Şurasının üzvləri mövcud reallıqlar nəzərə alınmaqla universitetdə yeni tədris ilinə hazırlıq səviyyəsini müsbət qiymətləndiriblər. Son dövrdə universitetdə baş verən keyfiyyət dəyişiklikləri və yeniliklərdən məmnunluqlarını ifadə edən Şura üzvləri strateji hədəflərə uyğun olaraq qarşıda dayanan vəzifələrin səmərəli icrası ilə bağlı fikir mübadiləsi aparıb və müvafiq təkliflər səsləndiriblər.
Qeyd edək ki, əsas məqsədi universitet idarəçiliyində şəffaflığın artırılmasından və ictimai hesabatlılığın təmin edilməsindən ibarət olan MDU-nun İctimai Nəzarət Şurası 2019-cu ilin 28 dekabr tarixində yaradılıb. Şuranın tərkibinə “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusibov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva, Mingəçevir şəhər Şəhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Allahverdi Alıyev, Mingəçevir şəhər Veteranlar Şurasının katibi Tahir Məmmədov, təqaüdçü Ağagül Əliyev, təcrübəli pedaqoq Mirzə Cavadov, peşəkar jurnalist Esmira Hidayətova daxildir.
{phocagallery view=category|categoryid=694|limitstart=0|limitcount=0}