Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib

  • Post category:Xəbərlər (AZ)

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib

 

2021-ci ilin 15 oktyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə qəbul edilmiş birgə fəaliyyət planına əsasən “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib.

BDU-nun Hüquq fakültəsinin dekanı, İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının professoru, hüquq elmləri doktoru Əmir Əliyev MDU-nun müvafiq ixtisaslar üzrə təhsil alan tələbə və magistrantları, gənc akademik heyət üzvləri üçün “İnsan hüquq və azadlıqlarının təminatı mexanizmləri” mövzusunda mühazirə oxuyub.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirəyə MDU-nun rektorunun müşaviri Hamiz Mahmudov moderatorluq edib.

Mühazirədə professor Ə.Əliyev əsas insan hüquq və azadlıqlarından, onların milli və beynəlxalq təminat mexanizmlərindən bəhs edib, insan hüquqlarının təminatı sahəsində mövcud olan beynəlxalq konvensiyaları, paktları, müqavilələri və bəyannamələri diqqətə çatdırıb, Birləşmiş Millətlər Təşkilatına daxil olan müvafiq komitələrin fəaliyyəti haqqında ətraflı məlumat verib.

Son dövrdə Azərbaycanda məhkəmə-hüquq sistemində aparılan uğurlu islahatlardan danışan professor insan hüquqlarının təminatı mexanizmlərinin effektivliyinin yüksəldilməsində hakimiyyət qolları arasındakı səmərəli əlaqənin, insanlar arasında hüquqi maarifləndirmə işlərinin genişləndirilməsi və hüquqi savadlılığın artırılmasının, eləcə də hüquqşünas kadrların hərtərəfli hazırlığının önəmini vurğulayıb.

Azərbaycan xalqının otuz ilə yaxın müddətdə erməni təcavüzkarları tərəfindən terror, soyqırım, işğal və vandalizm aktlarına məruz qalmasından söz açan professor pozulmuş hüquqların bərpası məqsədilə beynəlxalq hüquq müstəvisində Ermənistana qarşı hüquqi prosedurların başladılması ilə bağlı davam edən işlərdən danışıb, bu istiqamətdə mövcud beynəlxalq qaydaları və mexanizmləri şərh edib.  

MDU-nun tələbə və müəllim kollektivi üzvləri tərəfindən maraqla qarşılanan mühazirənin mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb və təqdim edilən çoxsaylı suallar ətraflı cavablandırılıb. Faydalı mühazirəyə və maraqlı müzakirələrə görə professor Ə.Əliyevə, eləcə də əməkdaşlığın inkişafında dəstəyi olan hər kəsə təşəkkürünü bildirən mühazirə iştirakçıları layihənin icrasından məmnunluqlarını ifadə ediblər.

İki ay müddətində 10 müxtəlif mövzuda ustad dərslərin təşkilinin nəzərdə tutulduğu layihə çərçivəsində növbəti mühazirə oktyabrın 22-də BDU-nun Tarix fakültəsinin “Mənbəşünaslıq, tarixşünaslıq və me­todika” kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov tərəfindən “1918-ci il mart soyqırımının tarixi” mövzusunda keçiriləcək.

Qeyd edək ki, MDU-da ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və akademik potensialın gücləndirilməsi məqsədilə ölkəmizin flaqman və ən qocaman ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığa xüsusi önəm verilir. Sözügedən əməkdaşlığın intensivliyinin və nəticəyönümlüyünün daha da artırılması məqsədilə hər iki universitet tərəfindən cari tədris ilində reallaşdırılması nəzərdə tutulan çoxşaxəli birgə fəaliyyət planı qəbul edilib. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına töhfə verməyi hədəfləyən bu fəaliyyət planı ustad dərsləri, konfranslar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirləri özündə ehtiva edir.

{phocagallery view=category|categoryid=712|limitstart=0|limitcount=0}