“Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi qranta layiq görülüb
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilən “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi üçün təqdim edilən “Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi qaliblər siyahısında yer alıb.
Noyabrın 25-də Mingəçevir Dövlət Universitetində (MDU) sözügedən layihənin təqdimat mərasimi keçirilib. Təqdimatda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Təqdimat iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov Təhsil Nazirliyi tərəfindən keçirilmiş qrant müsabiqəsinin universitetlərdə beynəlxalq akademik mobilliyin artırılması, elmi potensialın gücləndirilməsi və ali təhsilin məzmununun yenilənməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Belə mühüm müsabiqə çərçivəsində MDU-da kiber təhlükəsizliklə bağlı fənlər üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqinə hədəflənən layihənin qaliblərdən biri olmasından məmnunluğunu ifadə edən rektor layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Kiber təhlükəsizliyi sahəsi üzrə təhsilin önəminin artdığını və bu məqsədlə MDU-da müvafiq ixtisaslar üzrə mövcud bazanın gücləndirilməsi və yeni ixtisasların yaradılmasının nəzərdə tutulduğunu vurğulayan Ş.Bayramov layihənin sözügedən sahədə kadr hazırlığının daha keyfiyyətli və səmərəli həyata keçirilməsinə, rəqabətqabiliyyətli ali təhsil xidmətlərinin göstərilməsinə töhfə verəcəyinə əminliyini bildirib və layihə iştirakçılarına uğurlar arzulayıb.
Sonra, layihənin rəhbəri, MDU-nun qonaq professoru Ercan Nurcan Yılmaz universitetə qrant qazandıran bu təşəbbüsün əhəmiyyəti, başlıca hədəfləri, görüləcək işlər və gözlənilən nəticələr barədə ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, layihənin əsas məqsədlərini kiber təhlükəsizlik və bütövlükdə İT təhsili sahəsində MDU-nun potensialının artırılması, sözügedən istiqamətdə müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssis-mühəndislər hazırlanmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən müasir təhsil modelinin yaradılması, tələbə, müəllim, məzun və tərəfdaşlar arasında kiber təhlükəsizliklə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi təşkil edir.
Layihə çərçivəsində ən azı 4 müvafiq fənn üzrə proqram və sillabusların hazırlanacağı, akademik heyət üzvlərinin təlimləndirilməsi və sertifikatlaşdırılmasının həyata keçiriləcəyi, tədris və tədqiqat prosesi üçün müvafiq platformanın, server və qovşaqların yaradılacağı, tədris vəsaitlərinin və maarifləndirici təbliğat kitabçalarının hazırlanıb dərc ediləcəyi və digər işlərin görüləcəyi qeyd edilib.
Bildirilib ki, ümumi büdcəsi 55 min manata yaxın olan sözügedən layihənin icra müddəti 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayına qədər olan dövrü əhatə edir. Layihə cari tədris ilində MDU-da fəaliyyət göstərən Türkiyənin Qazi Universitetinin Texnologiya fakültəsinin professoru Ercan Nurcan Yılmazın birbaşa rəhbərliyi ilə icra olunacaqdır.
Təqdimatda çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov, Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva və İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva fakültənin strateji inkişafı baxımından layihənin yaradacağı imkanlardan danışıb və onun uğurla tamamlanacağına əmin olduqlarını söyləyiblər.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da İT sahəsində tədrisin məzmununun yenilənməsi, akademik heyət üzvlərinin bilik və bacarıqlarının artırılması, modern təhsil infrastrukturunun qurulması diqqət mərkəzində saxlanılır və bu məqsədlə müvafiq layihələrin reallaşdırılmasına xüsusi önəm verilir.
{phocagallery view=category|categoryid=790|limitstart=0|limitcount=0}