2021-ci ilin 10-11 dekabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda keçirilən beynəlxalq elmi konfrans uğurla başa çatıb.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən beynəlxalq konfransa dünyanın 15 ölkəsindən 72 ali təhsil müəssisə və elmi-tədqiqat institutunun akademik heyət üzvləri və alimləri qatılıb, 462 tezis və məqalə daxil olub.
Proqrama uyğun olaraq, konfrans çərçivəsində açılış-plenar, plenar, bölmə və yekun iclasları keçirilib.
Açılış-plenar iclasında MDU-nun rektoru Şahin Bayramov, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Milli Məclisin üzvü Şahin Seyidzadə, Litvanın Mykolas Romeris Universitetinin rektoru İnqa Zaleniene, Türkiyənin KTO Karatay Universitetinin rektoru Bayram Sade, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Çinin Lancou Maliyyə və İqtisadiyyat Universitetinin prezidenti Venhao Cai, Qırğız İqtisad Universitetinin rektoru Almaz Kadıraliyev və Kiyev Milli İqtisadiyyat Universitetinin rektoru Dmitro Lukyanenko çıxış ediblər.
Plenar iclasda AMEA-nın müxbir üzvi Akif Musayev “İşğaldan azad olunmuş ərazilərin bərpası: mövcud vəziyyət və effektiv məskunlaşdırma”, MDU-nun Qazi Universitetindən olan qonaq professoru Ercan Nurcan Yılmaz “4.0 Sənaye inqilabı və kibertəhlükəsizlik”, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Zahid Məmmədov “Müasir dövrdə universitetlər: yeni çağırışlar, trendlər, paradiqmalar və gözləntilər”, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Serqey Nikonorov “Davamlı inkişaf və Paris İqlim Sazişi çərçivəsində biznesin karbon neytrallığına keçidində müasir trendlər”, MDU-nun dosenti Aidə Mustafayeva “Süni intellekt texnologiyalarının inkişaf perspektivləri”, Mykolas Romeris Universitetinin professoru Paulo Pereira “4-cü Davamlı İnkişaf Məqsədi (Keyfiyyətli təhsil) kontekstində ali təhsilin önəmi” və V.Hetman adına Kiyev Milli İqtisadiyyat Universitetinin dosenti Oleksandr Fedirko “Avropada klasterləşmə: Ukrayna üçün təcrübə və perspektivlər” mövzularında məruzə ediblər.
Sonra, konfrans öz işini üç bölmədə (İqtisad elmləri və idarəetmə; Təbiət və texnika elmləri; Təhsil və humanitar elmlər) davam etdirib. Bölmə iclaslarında davamlı iqtisadi inkişafın qlobal trendləri, regionların tarazlı inkişafı, ekoloji dayanıqlığın təmini, enerji sektorunun inkişafında müasir tendensiyalar, postpandemiya dövründə dördüncü sənaye inqilabının inkişaf perspektivləri, təhsil sahəsində milli və beynəlxalq təcrübə, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni geoiqtisadi və geosiyasi reallıqlar, işğaldan azad edilmiş ərazilərin bərpası və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.
Dekabrın 11-də beynəlxalq konfransın yekun iclası keçirilib. İclasda MDU-nun rektoru Şahin Bayramov və konfransın bölmə rəhbərləri çıxış ediblər.
Beynəlxalq konfransın uğurla başa çatmasından məmnunluğunu bildirən Ş.Bayramov MDU tarixində ilk dəfə olaraq keçirilən belə bir mötəbər elmi tədbirdə dəstəyinə görə Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinə, Mingəçevir Şəhər İcra Hakimiyyətinə, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinə, tərəfdaş yerli və xarici universitetlərə, eləcə də təşkilati komitəyə və əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.
Tərcümə və texniki-təşkilati işlərin yüksək peşəkarlıqla həyata keçirildiyini qeyd edən rektor bu sahədə dəstək göstərən “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının fəaliyyətini müsbət qiymətləndirib və təşəkkürlərini çatdırıb.
Eləcə də, konfrans barədə ictimaiyyətin operativ və ətraflı surətdə məlumatlandırıldığını vurğulayan rektor media dəstəyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC), “Azərbaycan müəllimi” qəzetinə, Trend Müstəqil İnformasiya Agentliyinə, “Məktəb Guşəsi” jurnalına, mi-news.az, AzEdu.az və “Mingəçevir” qəzetinə təşəkkürünü bildirib.
Bununla yanaşı, dünyanın nüfuzlu universitetlərinin alimləri və tədqiqatçılarının da təmsil olunduqları plenar və bölmə iclaslarında dayanıqlı inkişafla bağlı aktual mövzularda təqdim edilən məruzələrin və aparılan müzakirələrin böyük maraqla qarşılandığını diqqətə çatdıran Ş.Bayramov konfransda iştirak edən, teziz və məqalə göndərən, məruzələrlə çıxış edən hər kəsə təşəkkür edib.
Konfrans barəsində çoxlu sayda müsbət rəylərin daxil olmasını təqdirəlayiq hal hesab edən rektor beynəlxalq elmi tədbirin bütün iştirakçılarına uğurlar arzulayıb.
Sonra konfransın bölmə rəhbərləri Emilya Hüseynova, Mahir İsmayılov və Esmira Cəfərova çıxış ediblər.
Bildirilib ki, “İqtisad elmləri və idarəetmə” bölməsinə 120 yerli və 37 xarici olmaqla 157, “Təbiət və texnika elmləri” bölməsinə 87 yerli, 12 xarici olmaqla 99, “Təhsil və humanitar elmlər” bölməsinə 188 yerli və 18 xarici olmaqla 206 tezis və məqalə daxil olub. Diqqətə çatdırılıb ki, yerli və xarici universitetlərdən, elmi-tədqiqat institutlarından “İqtisad elmləri və idarəetmə” bölməsinin iclasında 13, “Təbiət və texnika elmləri” bölməsinin iclasında 11, “Təhsil və humanitar elmlər” bölməsinin iclasında 13 məruzəçi çıxış edib və təqdim edilən mövzular ətrafında maraqlı müzakirələr aparılıb.
Sonra, iclasda konfransın yekunu ilə bağlı geniş fikir mübadiləsi aparılıb və təkliflər irəli sürülüb. MDU-da sözügedən beynəlxalq konfransın eyni adda hər il davam etdirilməsi və dayanıqlı inkişaf problemlərinin araşdırılması ilə məşğul olan mvafiq mərkəzin yaradılması barədə təkliflər iclas iştirakçıları tərəfindən müsbət qarşılanıb.
Sonda, MDU-da ilk dəfə belə bir beynəlxalq səviyyəli mötəbər elmi tədbirin təşkilindən böyük sevinc hissləri keçirdiklərini bildirən kollektiv üzvləri universitet rəhbərliyinə təşəkkürlərini çatdırıblar və konfransın işinə yekun vurulub.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılmasına, dayanıqlı inkişafın müxtəlif aspektlərinə dair nəticəyönümlü elmi araşdırmaların aparılmasına, yerli və xarici tərəfdaşlarla birgə elmi tədbirlərin keçirilməsinə xüsusi önəm verilir. Bu kontekstdə, 2021-ci ildə MDU-nun tarixində ilk elmi jurnal hesab edilən “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalı təsis olunub.