2022-ci ilin 30 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Riyaziyyat kafedrasının təşkilatçılığı ilə “Riyaziyyat bütün elmlərin açarıdır” adlı riyaziyyat gecəsi keçirilib. Tədbirdə fakültənin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Riyaziyyat kafedrasının müdiri, dosent Sahib Mustafayev tələbə gənclərin dünyagörüşünün, bilik və bacarıqlarının artırılmasında belə təşəbbüslərin önəmini diqqətə çatdırıb və gecənin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev bu tipli tədbirlərin tələbələrdə ixtisaslarını sevmələri üçün stimul yaratdığını qeyd edib və davamlı olmasını arzulayıb.
Sonra, MDU-nun “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələri Nurlan Əhmədli və Nuranə Mansurovanın moderatorluğu ilə keçirilən riyaziyyat gecəsində məruzələr dinlənilib. Tələbələrdən Alsu Məmmədova “Heydər Əliyev və Azərbaycan təhsili” və Arzu Ağayeva “Akademik Zahid Xəlilovun riyaziyyat elminə töhfəsi” mövzusunda məruzələrlə çıxış ediblər.
Daha sonra, “Faktları bilirsinizmi?” mövzusunda təqdimat göstərilib, auditoriya ilə əyləncəli viktorina təşkil edilib və tələbələrdən ibarət komandalar arasında yarış keçirilib.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da tələbə gənclərin hərtərəfli inkişafına, o cümlədən onların intellektual səviyyəsinin yüksəldilməsinə hədəflənən müxtəlif formatlı tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.