2022-ci ilin 2 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov və bir qrup kollektiv üzvü Bərdə Peşə Liseyini (BPL) ziyarət edib.
Ziyarət çərçivəsində, əvvəlcə, BPL-in rəhbər heyəti ilə görüş keçirilib. Görüşdə BPL haqqında ətraflı məlumat təqdim edilib, ali və peşə təhsili müəssisələri arasında əməkdaşlığın potensial istiqamətləri müzakirə edilib.
Sonra, universitetin nümayəndə heyəti üçün liseyin tədris korpusunda infotur təşkil olunub. MDU əməkdaşları liseydə fəaliyyət göstərən STEAM Mərkəzi, İnformatika laboratoriyası, emalatxanalar, tədris otaqları və idman zalı ilə tanış olublar.
İnfoturdan sonra, BPL-in tələbə və müəllim kollektivi üzvləri ilə görüş keçirilib. Görüşdə MDU-nun rektoru Şahin Bayramov, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zaur Əliyev, BPL-in direktoru İlham İlyasov, Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professorları Cemal Yılmaz və Ercan Nurcan Yılmaz, fakültə dekanı Almaz Əliyeva və kafedra müdiri Aida Mustafayeva çıxış ediblər. Çıxışlarda universitet və peşə liseyi arasında əməkdaşlıq təşəbbüsü müsbət dəyərləndirilib, qarşılıqlı faydalı işbirliyinin hər iki təhsil müəssisəsində kadr hazırlığının keyfiyyətinin yüksəlməsinə və akademik potensialın güclənməsinə əhəmyyətli töhfə verəcəyinə əminlik ifadə olunub.
Çıxışlardan sonra, MDU və BPL arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri üzrə ortaq fəaliyyətlərin həyata keçiriliməsini özündə ehtiva edir.
Daha sonra, səfər proqramı çərçivəsində MDU-nun akademik heyət üzvləri tərəfindən liseyin tələbələri üçün ustad dərslər keçirilib. Dərslər robot texnologiyaları, sistem və şəbəkə xidməti, proqramlaşdırma, kibertəhlükəsizlik, dron texnologiyaları, süni intellekt və məsafədən idarəetmə mövzularını əhatə edib.
Səfər hər iki təhsil müəssisəsinin kolektivi tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da təhsilin keyfiyyətinin yüksəldilməsi və regionda kadr potensialının inkişafına töhfə məqsədilə müxtəlif formatlı əməkdaşlığa, o cümlədən peşə təhsili müəssisələri ilə birgə fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.