You are currently viewing Məqsəd yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır

Məqsəd yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır

  • Post category:MDU xəbərləri

“Azərbaycan” qəzeti, 07.08.2022

Qəzetin PDF versiyası

 

Son üç tədris ilində Mingəçevir Dövlət Universiteti tələbələrinin müvəffəqiyyət göstəricisi 95 faizdən çox olmuşdur.

Ali təhsilə dövlətin yüksək diqqət və qayğısı, yerli və xarici tərəfdaşların dəstəyi, idarəetmədə səmərəliliyin, çevikliyin və şəffaflığın artırılması sayəsində Mingəçevir Dövlət Universitetinin (MDU) potensialının inkişafı və modernləşməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunmuşdur.

 

Hər şeydən əvvəl, tədrisin hibrid formatda səmərəli təşkilinə nail olunmuş, elmi fəaliyyətdə müsbət kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş, sosial sahədə fəaliyyətlər genişlənmiş, idarəetmənin strukturu müasir tələblərə uyğun və tələbəyönümlülük kontekstində daha da təkmilləşdirilmişdir. Bununla yanaşı, yerli və beynəlxalq tərəfdaşlıqlar, sənaye ilə işbirliyi gücləndirilmiş, səmərəli ali təhsil mühitinin formalaşdırılması, təhsilalanların və təhsilverənlərin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Hazırda dövlətin hərtərəfli dəstəyi ilə universitetin müasir tələblərə cavab verən yeni kampusunun yaradılması istiqamətində də müvafiq işlər davam etdirilir.

 

MDU-da struktur təkmilləşdirilməsi istiqamətində görülən işlər çərçivəsində İnformasiya Texnologiyaları fakültəsinin yaradılması və Mühəndislik fakültəsinin yenidən qurulması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş, Pedaqoji fakültə Təhsil fakültəsi adlandırılmış, Magistratura və Doktorantura Təhsil Mərkəzi, Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi təsis edilmişdir.

 

Hazırda universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 24 ixtisas (bakalavriat) və 14 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilir. Üç fakültənin və on kafedranın mövcud olduğu universitetdə 2021-2022-ci tədris ilində ümumilikdə 3000-ə yaxın tələbə və magistrant təhsil almışdır. Bütövlükdə 300-dən çox əməkdaşı olan MDU-da 195 professor-müəllim heyəti çalışır ki, onlardan 5 nəfərin elmlər doktoru, 57 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfərin professor və 43 nəfərin isə dosent elmi adı var. Bundan əlavə, təhsil ocağında Türkiyənin Qazi Universitetindən 2 professor fəaliyyət göstərmişdir.

 

Ötən tədris ilinin payız və yaz imtahan sessiyalarının hər birində 3000-dən çox tələbə və magistrant 900-dən çox imtahanda iştirak etmişdir.

 

Ölkənin və regionun inkişafına töhfə verən, səmərəli və nəticəyönümlü elmi fəaliyyətin həyata keçirilməsini diqqət mərkəzində saxlayan MDU-da son dövrdə elmi potensialın inkişaf etdirilməsi sahəsində görülən işlər nəticəsində müsbət keyfiyyət dəyişiklikləri müşahidə edilmiş və yeni meyillər meydana çıxmışdır. MDU-da akademik heyət üzvlərinin tədqiqat bacarıqlarının artırılmasına və elmi fəaliyyətlərinin təşviq edilməsinə xüsusi diqqətin göstərilməsi, elmi nəşrlərdə dərc edilən əsərlərə görə əməkdaşların mükafatlandırılması universitetdə elmi fəaliyyətin genişlənməsinə və nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilən məqalələrin sayının artmasına səbəb olmuşdur. 2019-cu ildən 2022-ci ilin yarısınadək MDU əməkdaşlarının “Web of Science” bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrinin sayı (20 ədəd) 1991-2018-ci illər üzrə müvafiq göstəricidən (8 ədəd) 2,5 dəfə çox olmuşdur. Ümumilikdə bu günə qədər sözügedən bazaya daxil olan jurnallarda universitetin akademik heyət üzvlərinin 28 məqaləsi dərc olunmuşdur.

 

Universitetin tarixində ilk elmi jurnal hesab edilən “Dayanıqlı inkişaf” multidissiplinar elmi jurnalının birinci və ikinci buraxılışları çap olunmuş və elektron variantda təhsil ocağının rəsmi saytında yerləşdirilmişdir. Jurnal Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) və E-ISSN kodu almış, “Academic Resource Index ResearchBib” beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazasına, eləcə də Ali Attestasiya Komissiyasının iqtisad elmləri üzrə Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir.

 

MDU-da yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin doktoranturasında universitetin gənc əməkdaşları və məzunlarının təhsil almasına xüsusi diqqət yetirilmişdir. Hazırda universitetin 31 əməkdaşı fəlsəfə doktoru proqramı, 6 əməkdaşı isə elmlər doktoru proqramı üzrə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində dissertant və doktorantdırlar. 2021-2022-ci tədris ilində universitetin 5 əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərini uğurla müdafiə etmiş, 8 nəfər doktorant və dissertant dissertasiya işlərini başa vurmuş və müdafiə ərəfəsindədir. Bundan əlavə, MDU-nun 1 əməkdaşı və 1 məzunu Türkiyənin Qazi Universitetində doktorantura təhsili alırlar. Universitetin digər bir əməkdaşı isə doktorantura təhsilini Erasmus+ proqramı çərçivəsində Sloveniya Respublikasının Nova Gorica Universitetində davam etdirmişdir.

 

Regional innovasiya ekosisteminin başlıca aktorlarından birinə çevrilməyi hədəfləyən MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və tədqiqatların nəticəyönümlüyünün artırılması məqsədilə müxtəlif formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir. Hesabat dövründə ali məktəbin SOCAR və Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlığının əsası qoyulmuşdur. MDU Mingəçevir Peşə Məktəbi və “Azmade Group” MMC şirkəti arasında “universitet-peşə məktəbi-sənaye” formatında üçtərəfli əməkdaşlıq, “Azərbaycan İES” MMC, “Atəşgah” Sığorta Şirkəti, “Kapital Bank” ASC və Mingəçevir Sənaye Parkı ilə işbirliyi çərçivəsində təlim-təcrübə proqramı, elmi konfrans, nəzəri-praktiki seminar, “dəyirmi masa”, infotur və digər müxtəlif formatlı tədbirlər keçirilmişdir.

 

Universitetdə tələbəyönümlü təhsil mühitinin yaradılmasına, tələbə gənclərin hərtərəfli inkişafına, onların universitet idarəçiliyində fəal təmsil olunmasına, çoxşaxəli könüllülük fəaliyyətinə cəlb edilməsinə və tələbə təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Qardaş Türkiyənin ən böyük aerokosmik və texnologiya festivalı olan “TEKNOFEST 2022″nin final mərhələsində MDU-nun 13 tələbə və mentorun daxil olduğu 3 komanda ilə fəal iştirak etmişdir.

 

Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan ali məktəbdə təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Universitetdə Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli-mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilmişdir.

 

Yeni dövrün universitetinə çevrilməyi strateji hədəflərindən biri olaraq müəyyənləşdirən Mingəçevir Dövlət Universitetində mövcud potensialın gücləndirilməsi, idarəetmə, tədris və tədqiqat fəaliyyətlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə beynəlxalq əlaqələr inkişaf etdirilmiş, müvafiq dövlət qurumları, paytaxtın qabaqcıl universitetləri və regionda yerləşən təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verilmişdir.

 

Paytaxtın qabaqcıl ali təhsil müəssisələrindən olan Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə əlaqələrin inkişafı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

 

Beləliklə, dövlətin və tərəfdaşların dəstəyi ilə MDU-da baş verən keyfiyyət dəyişiklikləri yeni inkişaf mərhələsində olan universitetin strateji hədəflərinə yaxınlaşmasına böyük zəmin yaratmışdır.

 

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru