You are currently viewing MDU-da beynəlxalq elmi konfrans: Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar

MDU-da beynəlxalq elmi konfrans: Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar

  • Post category:MDU xəbərləri

2022-ci ilin dekabrın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Fizika İnstitutunun dəstəyi ilə “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Beynəlxalq konfransa dünyanın 10 ölkəsinin ali təhsil müəssisələri və elmi tədqiqat institutlarından akademik heyət üzvləri və alimlər qatılıb.

Beynəlxalq konfransın açılış-plenar iclasında MDU-nun rektoru Şahin Bayramov, Azərbaycan Respublikası Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov, Türkiyənin Qazi Universitetinin rektoru Musa Yıldız, Litvanın Mykolas Romeris Universitetinin rektoru İnqa Zaleniene, Kiyev Milli İqtisadiyyat Universitetinin rektoru Dmitro Lukyanenko, Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetinin rektoru Darxan Bilalov və Qırğız İqtisad Universitetinin rektoru Almaz Kadıraliyev çıxış ediblər.

Konfrans iştirakçılarını salamlayan MDU-nun rektoru Ş.Bayramov MDU-da aktual mövzuya həsr edilmiş beynəlxalq səviyyəli elmi tədbirin təşkilində dəstəyi və əməyi olanlara, təşkilat komitəsinin üzvlərinə, məruzəçilərə, məqalə və tezis müəlliflərinə və media nümayəndələrinə təşəkkürünü bildirib.

Rektor müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin ölkəmizin davamlı inkişafının təmin edilməsi baxımından elm və təhsilin inkişafını daim diqqət mərkəzində saxladığını və dahi şəxsiyyətin hakimiyyətdə olduğu bütün dövrlərdə elm və təhsilin ən böyük himayədarı olduğunu qeyd edib. Bildirib ki, Ulu Öndərin ideyalarına və siyasi kursuna sadiq olan Prezident İlham Əliyev tərəfindən irəli sürülən “qara qızılın insan kapitalına çevrilməsi” konsepsiyasının uğurla icra edilməsi sayəsində ölkəmizdə milli təhsilin və elmi fəaliyyətin məzmununda dinamik keyfiyyət dəyişiklikləri baş verib.

 Müasir dövrdə yeni texnologiyaların və innovasiyaların təsiri ilə ictimai həyatın bütün sahələrinin sürətli və əsaslı dəyişikliklərə məruz qaldığını diqqətə çatdıran rektor konfransın başlıca məqsədinin mövcud çağırışlar fonunda cəmiyyətin inkişaf tələblərinə uyğun təhsil və elmi fəaliyyətin həyata keçirilməsi problemləri ilə bağlı aparılan tədqiqatların nəticələrinin təqdim edilməsindən ibarət olduğunu vurğulayıb. Qeyd edib ki, beynəlxalq konfrans Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və  “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədlərində, eləcə də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərində rəqabətli insan kapitalının formalaşdırılması, keyfiyyətli təhsilin təmin edilməsi, elmi tədqiqatların və innovasiyaların inkişafı ilə bağlı əksini tapan mövzularda elmi diskussiya platformasının yaradılmasını hədəfləyir. Konfransa həm yerli, həm də xarici ali təhsil və elm ictimaiyyəti tərəfindən böyük maraq göstərildiyini diqqətə çatdıran rektor 51 yerli ali təhsil və elmi-tədqiqat müəssisəsindən, eləcə də 9 xarici ölkənin 21 universitetindən ümumilikdə 520-dən artıq tezis və məqalə daxil olduğunu bildirib və konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adından tədbir iştirakçılarını salamlayan nazir müavini F.Qurbanov belə bir aktual mövzuda beynəlxalq konfransın təşkilinə görə MDU rəhbərliyinə və təşkilatçılara təşəkkürünü bildirib.

Dünya iqtisadiyyatının yeni texnoloji inqilabların çağırışlarına hazırlaşdığını qeyd edən F.Qurbanov hazırda elm və təhsilin inkişafı sahəsində müşahidə edilən müasir trendlərdən və reallıqlardan söhbət açıb. Elmin postindustrial dünyanın həlledici sivil alətlərindən birinə çevrilməsindən  bəhs edən nazir müavini vurğulayıb ki, yüksək inkişaf etmiş cəmiyyətlərdə məhz universitetlər və elmi-tədqiqat kompleksləri sosial inkişaf trendlərini müəyyən edir, yeni ideya və texnologiyaların mərkəzləri kimi iqtisadiyyatın inkişafına töhfə verirlər.

Azərbaycanda elm və təhsilin inkişafına dövlətin yüksək diqqət və qayğısından danışan F.Qurbanov son dövrdə respublikamızda fəaliyyət göstərən universitetlərdə, o cümlədən MDU-da qlobal çağırışlardan irəli gələrək islahatların həyata keçirilməsinə və sürətləndirilməsinə geniş imkanların yaradıldığını deyib. Cari ildə imzalanan Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını diqqətə çatdıran nazir müavini əsas məqsədin elm və təhsilin inteqrasiyası olduğunu qeyd edib. Bu mənada universitetlər qarşısında duran başlıca hədəflərdən danışan F.Qurbanov aktual məsələlərin müzakirə ediləcəyi bu elmi platforma çərçivəsində çıxışlarda səsləndiriləcək fikirlərin və irəli sürüləcək təkliflərin konfransın işinə əhəmiyyətli töhfə verəcəyinə inandığını söyləyib. 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın hərtərəfli inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizin inkişaf istiqamətlərində elm və təhsilin prioritet əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Hazırda respublikamızda elm və təhsil sahəsində aparılan islahatlardan və həyata keçirilən dövlət proqramlarından bəhs edən İ.İsmayılov atılan bütün addımların elm və təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin və yüksək nəticələrin əldə edilməsinə xidmət etdiyini, milli kadr potensialının gücləndirilməsinə hədəfləndiyini bildirib. Dünyada elmin, xüsusilə də fundamental elmin inkişafının universitetlərdə aparılan tədqiqatlardan asılı olduğunu diqqətə çatdıran şəhər icra başçısı dövlətin strateji ehtiyacı olan insan kapitalının inkişaf etdirilməsi, elm və təhsilin səmərəli vəhdətinin təmin olunması baxımından ali təhsil müəssisələrinin davamlı modernləşdirilməsinin zəruriliyindən  danışıb.

Təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənən yeni dövrün universitetinə çevrilməyin MDU-da strateji hədəf olaraq müəyyənləşdirildiyini qeyd edən İ.İsmayılov bu ali təhsil müəssisəsində hərtərəfli inkişafa xüsusi önəm verilməsini müsbət dəyərləndirib. Son dövrdə MDU-da elm, təhsil, beynəlxalq əməkdaşlıq və digər istiqamətlərdə baş verən yeniliklərin şəhər ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılandığını deyən İ.İsmayılov qazanılan nailiyyətlərin universitetin strateji hədəflərinə doğru məqsədyönlü şəkildə irəliləməsindən xəbər verdiyini bildirib. İcra başçısı beynəlxalq konfransın həm də universitetin və Mingəçevirin coğrafi tanınma arealının genişləndirilməsinə və yeni əməkdaşlıqların əsasının qoyulmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Son dövrdə ölkədə elm və təhsilin inteqrasiyasına prioritet əhəmiyyət verildiyini diqqətə çatdıran Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov beynəlxalq konfransı bu sahədə qəbul edilən dövlət qərarlarının icrası istiqamətində atılan önəmli addım kimi dəyərləndirib və bu mövzuda elmi tədbirlərin davamlı şəkildə keçirilməsini təklif edib. Yeni dövrdə elm, təhsil və innovasiya üçbucağı modelinin üstünlüklərindən bəhs edən A.Həşimov ali təhsil və elmi tədqiqat müəssisələrində aparılan araşdırmaların tətbiqi xarakterinin gücləndirilməsi məqsədilə görülməli olan işlərdən danışıb. 

Mingəçevir şəhərində xüsusillə energetika sahəsində elmi tədqiqatların nəticələri üçün geniş tətbiq sahələrinin mövcud olduğunu qeyd edən A.Həşimov bu imkanlardan faydalanaraq MDU-nun gələcəkdə tədqiqat universitetinə çevrilmək potensialını yüksək qiymətləndirib. Bu mənada əməkdaşlığa daim açıq olduqlarını bildirən akademik konsfransın işinə müvəffəqiyyətlər arzulayıb.

MDU ilə elm və təhsil sahəsində çoxşaxəli əməkdaşlığın inkişafından məmnunluğunu bildirən Türkiyənin Qazi Universitetinin rektoru Musa Yıldız dünyada universitetlərin rolunun və cəmiyyətin gözləntilərinin sürətlə dəyişdiyi bir şəraitdə qardaş ölkələrin ali təhsil müəssisələri arasında işbirliyinin gücləndirilməsinin əhəmiyyətindən bəhs edib. Universitetlərin keçdiyi təkamül yolundan söhbət açan rektor yeni nəsil universitet modelində akademik və inzibati heyət üzvlərinin üzərinə düşən başlıca vəzifələrdən danışıb və bu baxımdan konfransın önəmini vurğulayıb.

Hazırda bəşəriyyətin üzləşdiyi çağırışlardan irəli gələrək elm və təhsilin transformasiyasına böyük ehtiyacın olduğunu diqqətə çatdıran Litvanın Mykolas Romeris Universitetinin rektoru İnqa Zaleniene dünya elm ictimaiyyətinin bu məsələlərə daha tez reaksiya verməli və problemlərin həlli üçün konkret təkliflərlə çıxış etməli olduğunu bildirib. Rektor MDU-da baş tutan beynəlxalq konfransın müxtəlif elmi fikirlərin və fərqli elmi yanaşmaların müqayisəsi, yeni beynəlxalq əməkdaşlıq və ortaq tədqiqat fəaliyyətləri üçün imkanların yaranması baxımından faydalı platformaya çevriləcəyinə əminliyini ifadə edib.

Dünyada geniş tətbiq edilən texnoloji yeniliklərin, eləcə də rəqəmsallaşmanın əmək bazarına ciddi təsirlərindən danışan Kiyev Milli İqtisadiyyat Universitetinin rektoru Dmitro Lukyanenko universitetlərin gələcək mövcudluğunu qoruyub saxlamaq və cəmiyyətə davamlı faydalılığını təmin etmək üçün ali təhsilin yeni modelinə keçidin labüd olduğunu bildirib. Rəqəmsal iqtisadiyyatdan ağıllı iqtisadiyyata doğru daha bir transformasiyanın gözlənildiyini qeyd edən rektor universitetlərin bu dəyişikliklərə hazır olmasının vacibliyini diqqətə çatdırıb və  konfrans iştirakçılarına səmərəli müzakirələr arzulayıb.

XXI əsrin qabaqcıl texnologiyaların və innovasiyaların qloballaşdığı, yeni düşüncə əsri olduğunu vurğulayan Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetinin rektoru Darxan Bilalov baş verən yeniliklərin ölkələrin sosial-mədəni həyatında əhəmiyyətli dəyişikliklərlə müşahidə olunduğunu qeyd edib. Konfransda elm və təhsil sahəsində liderlərin, aparıcı alimlərin və ekspertlərin bir araya gəlməsinin önəmini dəyərləndirən rektor bildirib ki, bu beynəlxalq əhəmiyyətli tədbir yeni həllərin təklifi üçün əsl elmi diskussiya məkanı rolunu oynayacaqdır.

MDU ilə tərəfdaşlıqdan və konfransın iştirakçısı olmaqdan məmnunluğunu ifadə edən Qırğız İqtisad Universitetinin rektoru Almaz Kadıraliyev dünyada baş verən böhranlara adekvat cavab verə bilməsi üçün universitetlərin davamlı işbirliyinin əhəmiyyətini diqqətə çatdırıb. Qlobal problemlərin həllində universitetlərdə aparılan tədqiqatların mühüm əhəmiyyət kəsb etdiyini deyən rektor bildirib ki, həm konfransın plenar və bölmə iclaslarında, həm də yekun materiallar toplusunda aktual mövzularda təqdim ediləcək tədqiqatların nəticələri böyük maraq doğuracaqdır.

Sonra konfransın plenar iclası keçirilib. Plenar iclasda Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, professor Zahid Məmmədov “Tədqiqat universitetinə keçid: universitetlər qarşısında konkret vəzifələr”, Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq alimi, dosent Sinan Toklu “Süni intellekt: bu gün və sabah”, MDU-nun dosenti Nizami Zeynalov “Milli təhsildə trendlər və tədqiqat fəaliyyətində yeni yanaşmalar” və Fizika İnstitutunun dosenti Kamil Qurbanov “Baryer boşalmasından istifadə edərək hidrogen istehsalı” mövzularında məruzələr ediblər. Böyük maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Daha sonra konfrans üç bölmədə (İqtisad elmləri və idarəetmə; Təbiət və texnika elmləri; Təhsil və humanitar elmlər) işini davam etdirib. Bölmə iclaslarında elm və təhsilin inteqrasiyası, elmi tədqiqatların nəticəyönümlüyünün artırılması, təhsil və tədqiqat fəaliyyətlərində universitet-sənaye əməkdaşlığı, müxtəlif elm sahələrinin aktual problemləri, dördüncü sənaye inqilabı dövründə kadr hazırlığı və tədqiqat potensialının inkişafı, müasir təhsil və innovasiyaları təşviq edən ekosistemin formalaşdırılması, Qarabağın dirçəldilməsi sahəsində tədqiqatların genişləndirilməsi və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılılıb.

Dekabrın 17-də beynəlxalq elmi konfransın yekun iclası keçiriləcək.

Beynəlxalq konfrans Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrində 2022-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium, forum və konqreslərin siyahısı”na əsasən təşkil olunub.

Konfransa Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), “Azərbaycan müəllimi” qəzeti, Trend Müstəqil İnformasiya Agentliyi, “Məktəb Guşəsi” jurnalı, mi-news.az, AzEdu.az, EL TV, “Mingəçevir” qəzeti, tehsil.biz, 7news.az və Yeniavaz tərəfindən media dəstəyi göstərilib.

Qeyd edək ki, sözügedən beynəlxalq konfrans MDU-da beynəlxalq səviyyədə təşkil edilən ikinci elmi tədbir hesab olunur. Belə ki, MDU tarixində ilk beynəlxalq konfrans ötən ilin dekabr ayında “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda keçirilib.