2023-cü il mayın 24-də Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi və su təhlükəsizliyi” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarın açılışında çıxış edən MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova ümummilli lider Heydər Əliyevin respublikamızda su təsərrüfatının inkişafında misilsiz xidmətlərindən danışıb, bu istiqamətdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən əsaslı işlərdən bəhs edib. Ölkəmizdə su ehtiyatlarının və suya olan təlabatın mövcud vəziyyətini dəyərləndirən kafedra müdiri hazırda qlobal iqlim dəyişiklikləri fonunda su təhlükəsizliyinin təmin olunmasının həyati əhəmiyyətli vəzifələrdən olduğunu diqqətə çatdırıb və bu baxımdan seminarın aktuallığını vurğulayıb.
“Su həyat mənbəyidir” adlı videoçarxın nümayişindən sonra seminarda məruzələr dinlənilib.
MDU əməkdaşlarından Pərvanə Səfərova “Çirkab suların antibiotiklərlə çirklənməsi”, Aytac Cavadova “İqlim dəyişmələrinin Kür hövzəsinin su resurslarına təsiri”, Mingəçevir Sukanal idarəsinin şöbə rəisi Tural Dursunov “Mingəçevir şəhərinin içməli su ilə təminatı və tullantı sularının təmizlənməsi problemləri” və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Ülkər Paşayeva “Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən suvarmada müasir texnologiyaların tətbiqinin təşviqi” mövzusunda məruzələrlə çıxış ediblər.
Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Seminarda fəallıq göstərən tələbələrə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, MDU-da “Heydər Əliyev İli” çərçivəsində müxtəlif formatlı tədbirlər keçirilir.