Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və “PwC Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının yekun mərhələsi keçirilib. DVX-nin Şamaxı şəhərində yerləşən Təlim-Tədris Mərkəzində keçirilən yekun mərhələdə Mingəçevir Dövlət Universiteti (MDU) İqtisadiyyat və İdarəetmə fakültəsinin 7 tələbəsindən ibarət komanda komanda ilə təmsil olunub. “Heydər Əliyev İli” çərçivəsində ali təhsil müəssisələrinin tələbələri arasında vergitutma sahəsində biliklərin aşılanması, habelə vergi sahəsinə marağın artırılması məqsədi daşıyan olimpiadaya ölkənin 20 ali təhsil müəssisəsindən 100 tələbə qatılıb.
Tədbir çərçivəsində iştirakçılar Vergi Müzeyi ilə tanışlıq keçiriblər, iqtisadiyyat və vergi sahəsində fəaliyyət göstərən şəxslərin və digər təlimçilərin spikerliyi ilə müxtəlif mövzularda təlim və vörkşoplarda iştirak ediblər, yekunda fərdi və qrup şəklində tapşırıqlar yerinə yetirərək mübarizə aparıblar. Maraqla keçən olimpiadada MDU tələbələrindən Elnur Həşimov və Aysel Kərimovanın yer aldıqları komanda birinci, Asif Əliyevin yer aldığı komanda isə üçüncü yerə layiq görülüb.
Qaliblərə mükafatlar və sertifikatlar təqdim olunub. Bununla yanaşı, qalib tələbələr həm DVX, həm də “PwC Azərbaycan” tərəfindən keçirilən təcrübə proqramlarına qatılma imkanı əldə ediblər.
2023-cü il iyunun 7-də MDU-nun rektoru Şahin Bayramov ˝Vergilər˝ olimpiadasında iştirak etmiş tələbələrlə görüşüb.
Tələbələrin belə bir mötəbər yarışda iştiraklarını yüksək qiymətləndirən rektor onlara MDU-nu layiqincə təmsil etdiklərinə görə təşəkkürünü bildirib və gələcəkdə bu tip yarış və layihələrdə fəal iştiraka dəvət edib. Müvafiq müsabiqə və təlimlərdə iştirakın ixtisaslı kadr kimi yetişməkdə önəmli rol oynadığını bildirən Ş.Bayramov tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla gücləndirilməsinin prioritet əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Olimpiada barədə təəssürratlarını bölüşən iştirakçılar yarışın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara, tələbələrin iştirakı üçün yaradılan şəraitə görə isə MDU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, onlara göstərilən etimadı daim doğruldacaqlarına söz veriblər.
Qeyd edək ki, müasir dövrün universitetinə çevrilmə yolunda irəliləyən MDU-da sürətlə dəyişən əmək bazarının tələblərinə müvafiq bilik və bacarıqlar əldə edilməsini dəstəkləyən müsabiqə və layihələrdə tələbələrin iştirakı diqqət mərkəzində saxlanılır.