2023-cü il iyunun 16-da Mingəçevir Dövlət Universiteti (MDU), Lənkəran Dövlət Universiteti (LDU) və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda elmi-praktik konfrans keçirilib. ATU-nun ev sahibliyi ilə hibrid formatda təşkil edilən konfransda hər üç ali təhsil müəssisəsinin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak edib.
Konfrans Dövlət Himnin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilib.
Konfransın açılşında ATU-nun rektoru v.m.i.e. Yaşar Ömərov, LDU-nun rektoru Natiq İbrahimov və MDU-nun rektoru Şahin Bayramov çıxış edib. Bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Günü ərəfəsində keçirilən konfransın əsas məqsədi müasir, müstəqil və hərtərəfli inkişaf edən Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin dövlət quruculuğunda titanik və misilsiz xidmətlərinə bir daha nəzər yetirmək, əbədiyaşar liderin zəngin irsinin öyrənilməsi və təbliği işlərinə töhfə verməkdir. Bununla yanaşı, Ümummilli Liderin təhsil strategiyasının uğurlu nəticələrindən bəhs edilib və üçtərəfli formatda təşkil olunan konfransın işinə uğurlar arzulanıb.
Sonra, ATU-nun elm və innovasiyalar üzrə prorektoru v.m.i.e. Mayıs Gülalıyevin moderatorluğu ilə konfransın məruzələri dinlənilib.
ATU-dan Şakir Əliyev “Heydər Əliyevin nəqliyyat-logistika və enerji dəhlizləri strategiyası”, Mehman İsmayılov “Heydər Əliyevin üzümçülük və şərabçılığın inkişaf strategiyası”, Tofiq Mirzəyev “Heydər Əliyev və Azərbaycanda yüngül sənayenin inkişafı”, LDU-dan Gülbəniz Əliyeva “Heydər Əliyev – Müasir Azərbaycan iqtisadiyyatının qurucusu kimi”, Zaur Məmmədov “Heydər Əliyevin qayıdışı və Azərbaycan gəncliyi”, MDU-dan Nüşabə Qədimli “Milli ali təhsilimizdə region universitetlərinin rolu” və Almaz Əliyeva “Heydər Əliyev Azərbaycanın müstəqil energetika sisteminin yaradıcısıdır” mövzusunda məruzələrlə çıxış ediblər.
Təqdim olunan məruzələr maraqla qarşılanıb.
Qeyd edək ki, hibrid qaydada təşkil olunan konfransı Gəncə, Lənkəran, Mingəçevir və respublikanın digər şəhərlərindən izləyə biliblər.