2023-cü ilin oktyabrın 5-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində 5 Oktyabr- Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik-inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib.
Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş videoçarxın nümayişindən sonra MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova tədbirin açılışında çıxış edib.
MDU-nun professor-müəllim heyəti üzvlərini peşə bayramları münasibətilə universitet rəhbərliyi adından təbrik edən E.Cəfərova onlara savadlı, yüksək ixtisaslı və vətənpərvər vətəndaşların yetişdirilməsi yolundakı fədakarlıqlarına görə minnətdarlığını bildirib, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Otuz ildən sonra işğaldan azad olan Qarabağın və Şərqi Zəngəzurun sürətlə dirçəldiyini deyən E.Cəfərova doğma yurdlarımızda müəllim vəzifəsində fəaliyyət göstərənlər arasında MDU-nun da məzunlarının olmasının fərəhləndirici və qürurverici olduğunu diqqətə çatdırıb.
Açılış nitqindən sonra tədbir bədii hissə ilə davam edib.
MDU-nun “Bir könüllü” təşkilatının üzvü olan tələbələr tərəfindən Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təbrik videoçarxı nümayiş olunub.
Sonra tələbələrin təqdimatında şeirlər səsləndirilib, musiqilər və rəqslər ifa olunub.
Qeyd edək ki, MDU-da “Heydər Əliyev İli” çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir.