Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi “Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi (Virtual Youth Business Hubs İnternational Network- VEHUB4YOU)” Erasmus+ layihəsi çərçivəsində uğurlu sahibkarlarla keçirilən “Biznes çərşənbəsi” (Business Wednesday) adlı görüşlər davam edir.
Onlayn formatda təşkil edilən görüşün növbəti qonağı “Zəfəroğlu İnşaat” şirkətinin təsisçisi, “Gəncə İş Adamları İctimai Birliyi”nin sədri və Gəncə şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, “Kəpəz” futbol klubunun idarə heyətinin üzvü və “Mediasiya Şurası”nın Nəzarət bölməsinin üzvü, sahibkar və memar Zəfər Məmmədov olub.
Müxtəlif ölkələrdən olan təcrübəli biznes nümayəndələri və gənclər arasında açıq məlumat mübadiləsi, virtual biznes dünyasından ən yaxşı təcrübələrin və fikirlərin paylaşılması məqsədi daşıyan görüşə İtaliya, Ukrayna, Latviya, Azərbaycan və layihə ilə bağlı digər ölkələrdən iştirakçılar, o cümlədən MDU-nun akademik heyət üzvləri və tələbələr qatılıblar.
Görüşdə çıxış edən Z.Məmmədov şəxsi biznes təcrübəsinə istinad edərək uğur qazanmağın yollarından, qarşıya çıxan çətinliklərdən və onları aradan qaldırmaq, eləcə də biznes dünyasında inkişaf etmək üçün iş adamına lazım olan keyfiyyətlərdən və bacarıqlardan bəhs edib.
Sonra çıxış ətrafında fikir mübadiləsi aparılıb və təqdim edilən suallar cavablandırılıb.
Qeyd edək ki, VEHUB4YOU layihəsi “Ali Təhsil və Gənclər üzrə Virtual Mübadilə” (ERASMUS-EDU-2021-VIRT-EXCH) proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən 2022-ci ildə qalib elan olunub. 36 ay ərzində (2023-2025) icra edilməsi nəzərdə tutulan VEHUB4YOU layihəsinin əsas məqsədi virtual mübadilə texnologiyalarından istifadə yolu ilə biznes üzrə bilikləri Avropa İttifaqından Ukrayna və Azərbaycan gənclərinə ötürməkdir. Gənclər sahəsində potensialın gücləndirilməsinə, əməkdaşlıq və mübadiləyə dəstək göstərən layihənin ümumi büdcəsi 349 841 avro təşkil edir. İtaliyanın Foggia Universitetinin koordinatoru olduğu layihənin tərəfdaşları arasında Azərbaycandan MDU, Latviyadan RISEBA Tətbiqi Elmlər Universiteti, Ukraynadan KNUTD, Sosial və İqtisadi Təşəbbüslər İnstitutu və Kiyev Təhsil, Təlim və Gənclər Mərkəzi yer alıb.