MDU tələbələrinin Göygöl Milli Parkına Ekoturizm səyahəti

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat kafedrası tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan tədbirlər planına uyğun olaraq “Turizm işinin təşkili” ixtisası üzrə təhsil tələbələrin Göygöl Milli Parkına ekskursiyası təşkil olunub.

Göygöl Milli Parkında keçirilən ekoturizm ekskursiyası zamanı tələbələrə parkın ərazisi və ekosistemi haqqında ətraflı məlumat verilib. Səyahət zamanı tələbələr müəyyən edilmiş istiqamət üzrə bələdçi xidməti ilə təmin olunaraq milli parkın unikal təbiətini, flora və faunasını yaxından tanıma imkanı əldə ediblər.

MDU tələbələrinə ekoturizm sahəsində nəzəri biliklərlə yanaşı, praktiki təcrübə qazandırmaq məqsədilə belə ekskursiyaların təşkili xüsusi əhəmiyyət daşıyır. Bu cür tədbirlər tələbələrə ətraf mühitin qorunması və davamlı turizmin inkişafı sahəsində daha dərindən bilik və təcrübə qazandırmağa kömək edir.

Ekskursiya zamanı tələbələrin böyük maraq göstərdiyi və aktiv iştirak etdiyi müşahidə olunmuşdur. Gələcəkdə MDU tələbələrinin təhsil və inkişafına yönəlmiş müxtəlif tədbirlər həyata keçiriləcəkdir.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.