Mingəçevir Dövlət Universitetinin (MDU) rektor vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov 2024-cü il sentyabrın 12-də şəhid ailələrinin üzvləri ilə görüşüb. Ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən qəhrəmanlarımızın ailələrinə dərin hörmət və ehtiramın ifadəsi olaraq təşkil edilmiş görüşdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun, universitetin şəhid məzunları olmuş Kənan Abdullayevin, Əzəmi Hüseynovun, həmçinin Aprel döyüşlərinin şəhidləri Adil Adilzadənin və Rahim Tağıyevin ailə üzvləri iştirak ediblər.
Görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb.
Ü. Zeynalov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin şəhidlərin şücaəti və fədakarlığı sayəsində mümkün olduğunu vurğulayıb. O, qeyd edib ki, şəhidlərin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
Şəhid ailələrinin Azərbaycanın mənəvi dəyərlərinin daşıyıcıları olduğunu ifadə edən Ü. Zeynalov, onların ailələrinə göstərilən qayğının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu xatırladıb. Bildirib ki, bu istiqamətdə universitet kollektivi də şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərir, onların problemlərinin həlli istiqamətində əlindən gələni edir.
Görüş zamanı şəhid ailələrinin üzvləri öz fikir və arzularını çatdırıblar. Onlar göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, eyni zamanda MDU ailəsinə təşəkkür ediblər. Səmimi şəraitdə keçən görüşdə şəhid ailələri ilə bağlı sosial, təhsil və digər məsələlər müzakirə edilib və onların problemlərinin həlli üçün müəyyən addımlar atılacağı vurğulanıb.