MDU-nun gənc müəllimi hüquq üzrə fəlsəfə doktoru diplomunu alıb

Mingəçevir Dövlət Universitetinin (MDU) rektor vəzifəsini müvəqqəti icra edən və Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov, Humanitar fənlər kafedrasının hüquq üzrə fəlsəfə doktoru diplomunu almış gənc müəllimi Hüseyn Əsgərovla görüşüb. Görüşdə həmçinin MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova da iştirak edib.

Ü. Zeynalov, H. Əsgərovu “Mülki Proses” ixtisası üzrə hüquq elmləri sahəsində fəlsəfə doktoru dərəcəsini uğurla müdafiə etməsi münasibətilə təbrik edib və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Prorektor, MDU-da yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayaraq, müəllim heyətinin nəzəri və praktiki biliklərə malik olmasının universitet üçün xüsusi önəm daşıdığını qeyd edib. O, universitetin bu sahədə əməkdaşlara dəstəyini davam etdirəcəyini diqqətə çatdırıb.

Göstərilən diqqət və təbrikə görə minnətdarlığını ifadə edən H. Əsgərov, universitetin inkişafına töhfə verəcəyinə və ona göstərilən etimadı doğruldacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, MDU-da hazırda əməkdaşların elmi dərəcə və elmi adlar almaları üçün geniş imkanlar yaradılmasına xüsusi diqqət yetirilir.