Veysəloğlu MMC-nin İnsan resursları üzrə Biznes tərəfdaşı Orxan Mahmudov və Qədiroğlu MMC-nin İnsan resursları departamentinin rəisi Hürü Hüseynova İqtisadiyyat kafedrasının müəllimi Samrin Xanlayevin MU24.2 qrupuna tədris etdiyi Karyera planlaması fənninin seminar dərsində qonaq olublar.
İşaxtarma strategiyalarının son mərhələsi olan müsahibə mərhələsinin praktik təcrübə edilməsi məqsədilə qonaqlar tələbələr tərəfindən öncədən hazırlanmış rezümelərlə tanış olub, onları formal müsahibə prosesinə cəlb ediblər. Nəticədə tələbələr müsahibə zamanı qarşılaşa biləcəkləri ümumi və spesifik suallarla tanış olub, verdikləri cavablara müvafiq olaraq buraxdıqları səhvlər və onları düzəltmə üsulları haqqında məlumat əldə ediblər.
Sonda tələbələr əmək bazarı və işaxtarma strategiyaları haqqında qonaq ekspertlərin tövsiyələrini dinləyiblər.