17 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semesterinin imtahan sessiyası çərçivəsində növbəti dəfə valideynlərin müşahidəsi təmin edilib.
Valideynlər universitetin rəhbər və inzibati heyət üzvlərinin müşayiəti ilə auditoriyalarda imtahanları izləyiblər, imtahanların keçirilməsi qaydaları, biliyin qiymətləndirilməsi meyarları və müraciətlərə çevik baxılması mexanizmləri barədə ətraflı məlumatlandırılıblar.
Müşahidələrdən sonra, imtahan sessiyasının qanunvericiliyin tələblərinə uyğun təşkilindən məmnunluqlarını ifadə edən valideynlər yaradılan şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, MDU-da yanvarın 6-dan başlanan payız semestrinin imtahan sessiyası fevralın 1-dək davam edəcəkdir.
Əlavə edək ki, MDU-da 2024-2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə “İmtahan Qərargahı”, “Apellyasiya Komissiyası” fəaliyyət göstərir. Eyni zamanda sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin olunur və rektorun iştirakı ilə müntəzəm olaraq “Açıq qapı” günləri keçirilir.