Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ildə nəzərdə tutulan institusional akkreditasiya üzrə Özünütəhlil hesabatını hazırlamaq üçün yaradılan təşkilat komissiyasının növbəti iclası keçirilib

  • Post category:MDU xəbərləri

2025-ci il 17 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ildə nəzərdə tutulan institusional akkreditasiya üzrə Özünütəhlil hesabatını hazırlamaq üçün yaradılan təşkilat komissiyasının növbəti iclası keçirilib. İclasda universitet rəhbərliyi, kafedra və şöbə müdirləri  iştirak edib. Təşkilat komissiyasının sədri, universitetin elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov komissiyanın işinə uğurlar arzulayaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 28 sentyabr 2010-cu il tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiya Qaydaları”nda nəzərdə tutulan tələblər, meyarlar haqqında danışaraq, görüləcək işlərin nəzərdə tutulan vaxtda yerinə yetirilməsinin vacibliyini qeyd edib. Veysəl Əyyubov hazırlanacaq Özünütəhlil hesabatının və ona əlavə edilməli olan sənədlərin mövcud qaydaların tələblərinə uyğun şəkildə tərtib olunmasını komissiya üzvlərinin nəzərinə çatdırıb.
Veysəl Əyyubov komissiyanın üzvləri arasında iş bölgüsünün aparıldığını və fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyini və komissiya öz işini təsdiq edilmiş fəaliyyət qrafiki əsasında qurduğunu bildirib.
Sonra komissiya üzvləri görülən işlər haqqında məlumat vermiş və görüləcək işlərin istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Komissiyanın tərəfdaş müəssisələrdən olan üzvləri MDU institusional akkreditasiya üzrə hazırlanacaq Özününtəhlil hesabatının hazırlanması üçün hərtərəfli dəstək göstərəcəklərini bildiriblər.
Xatırladırıq ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 04 dekabr 2024-cü il tarixli məktubunu rəhbər tutaraq, 2025-ci ildə MDU-da nəzərdə tutulan  institusional  akkreditasiya üzrə özünütəhlil hesabatını hazırlamaq üçün təşkilat komissiyasının yaradılması haqqında müvafiq əmr verilmişdir. Komissiyanın tərkibinə universitetin struktur bölmələrinin rəhbərləri ilə yanaşı MDU-nun tərəfdaşlarının nümayəndələri də daxil edilmişdir.