You are currently viewing Mingəçevir Dövlət Universiteti Qazaxıstanın nüfuzlu universiteti ilə əməkdaşlığa başlayır

Mingəçevir Dövlət Universiteti Qazaxıstanın nüfuzlu universiteti ilə əməkdaşlığa başlayır

  • Post category:Beynəlxalq

Mingəçevir Dövlət Universiteti (MDU) ilə  Qazaxıstanın nüfuzlu universiteti olan Əl-Fərabi Qazax Milli Universiteti (Al-Farabi Kazakh National  University) arasında  təhsil və tədqiqat sahəsindəki əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyan Anlaşma Memorandumu imzalanıb.

Memorandum universitetlər arasında tələbə, magistrant, müəllim və inzibati heyət üzvlərinin mübadiləsini, birgə seminar, tədris proqramlarının təşkilini, eləcə də ortaq elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsini nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində həmçinin Erasmus+, Orhun mübadilə proqramlarında iştirakla bağlı  müzakirələr aparılır.

Qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin hədəfləyən Anlaşma Memorandumu eyni zamanda iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəkdir.

Qeyd edək ki, Əl-Farabi Qazax Milli Universiteti həm institusional, həm də təhsil proqramı reytinqləri üzrə milli reytinqlərin lideridir. Universitetin QS WUR (163-cü yerdə) və THE WUR üzrə dünya reytinqlərinə daxil olması onun beynəlxalq səviyyədə dinamik irəliləyişinə töhfə vermişdir.

Universitetin inkişafının əsas vektoru beynəlmiləlləşmədir. Universitetin xarici universitetlər və tədqiqat mərkəzləri ilə 500-dən çox beynəlxalq müqaviləsi var. 2021-2022-ci tədris ilində KazNU-da 30 ölkədən 100-dən çox əcnəbi professor və alim dərs deyib. Həmçinin, 40-dan çox universitet professoru xaricdə Macarıstan, Almaniya, Monqolustan, Fransa, ABŞ, Rusiya, Türkiyə, Özbəkistan və digər ölkələrin universitetlərində mühazirələr oxumuşlar. Əcnəbi tələbələrin sayı ildən-ilə artır, 30 ölkədən 2,5 mindən çox əcnəbi bakalavr, magistratura və doktoranturada təhsil alır.