Mingəçevir Dövlət Universitetibdə “22 May – Biomüxtəliflik Günü”nə həsr olunmuş elmi-praktik seminar keçirilib

23 may 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “22 May – Biomüxtəliflik Gününə həsr olunmuş” Yer üzünün rəng palitrası: Biomüxtəliflik” mövzusunda elmi-praktik seminar keçirilib.

Universitetin ikinci tədris binasının kiçik akt zalında təşkil edilmiş seminarda MDU-nun Mühəndislik fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə ilk olaraq “Biomüxtəlifliyin ekosistemdəki rolu” adlı videoçarx nümayiş olunub.

Seminara moderatorluq edən Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova iştirakçılara tədbirin əhəmiyyəti haqqında məlumat verib. O, çıxışında bildirib ki, BMT tərəfindən qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində biomüxtəlifliyin qorunması bütün bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edir. T.Yusibova vurğulayıb ki, təbiətdəki canlı müxtəlifliyinin davamlılığı ekoloji balansın qorunması və gələcək nəsillərə sağlam ətraf mühitin ötürülməsi baxımından vacibdir.

Sonra seminarın  proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun Fizika və ekologiya kafedrasının müəllimləri Fatimə Məmmədova “Biomüxtəliflik və dayanıqlı inkişaf” , Leyla Əhmədova “Biomüxtəliflik itkisi və onun nəticələri” , Aysel Bayramova “Şəhərsalma və biomüxtəliflik: Davamlı yaşıl şəhərlər,  MDU-nun “Ekologiya mühəndisliyi” ixtisasının I kurs magistrantı Nuray Mustafazdə “Dron texnologiyası və süni intellektin biomüxtəliflik monitorinqin də tətbiqi” mövzularında təqdimatlarla öz məruzələrini ediblər.

Seminar çərçivəsində biomüxtəlifliyin qorunmasının əhəmiyyətinə dair aktual mövzular geniş şəkildə müzakirə olunub, iştirakçılar arasında elmi fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, il ərzində MDU-da “Konstitusiya və Suverenlik ili çərçivəsində müxtəlif tədbirlər keçirilir.