Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova 24 noyabr – 5 dekabr 2025-ci il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən Nəsli Kəsilməkdə Olan Vəhşi Flora və Fauna Növlərinin Beynəlxalq Ticarəti Haqqında Konvensiyanın Tərəflər Konfransının 20-ci iclasında (CITES CoP20) iştirak edib. O, tədbirdə Azərbaycanı təmsil edən yeganə iştirakçı olub.
CITES CoP20 — vəhşi flora və fauna növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi, biomüxtəlifliyin qorunması və davamlı ekoloji siyasətin gücləndirilməsi sahəsində dünyanın ən nüfuzlu toplantılarından biridir.
MDU ilə Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Səmərqənd Dövlət Universiteti arasında həyata keçirilən təcrübə proqramında iştirak edən Ş.İslamova qatıldığı tədbir zamanı ekoloji idarəetmə, növlərin qorunması və beynəlxalq tənzimləmə mexanizmləri üzrə sessiyalarda iştirak edib. Onun iştirakı həm universitetin beynəlxalq əlaqələrinin gücləndirilməsinə, həm də Azərbaycanın ekoloji məsələlərdə aktiv rolunun nümayişinə töhfə verib.
Tədbir çərçivəsində Şəbnəm İslamova digər ölkələrin təmsilçiləri ilə birbaşa ünsiyyət quraraq, ekoloji siyasətlərin təcrübə mübadiləsi, beynəlxalq layihələrdə iştirak imkanları və növlərin qorunması üzrə qabaqcıl metodologiyaların tətbiqi barədə biliklərini genişləndirib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrinin inkişafına xüsusi önəm verir və bu kimi əməkdaşlıqlar vasitəsilə müəllimlərin peşəkar inkişafına, yeni akademik təcrübələrin qazanılmasına və universitetin tədris mühitinin müasirləşdirilməsinə töhfə verməkdə davam edir.